Vüqar Səfərlinin mülklərinə həbs qoyulub - Rəsmi

vuqar-seferlinin-mulklerine-hebs-qoyulub
Oxunma sayı: 3470

Hesablama Palatası ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda apardığı auditin nəticəsini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun 2020- ci il hesabatında məlumat əks olunub. Bildirilir ki, Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditi üzrə - vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilib və ümumilikdə 16,2 mln. manat məbləğində vəsaiti əhatə edən nöqsanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata görə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda 2017-2020-ci illəri əhatə edən dövr üzrə qanunsuz olaraq xərclər smetasından artıq məbləğdə pul vəsaitlərinin xərclənməsi haqqında daxil olmuş müraciətlə bağlı 12 iyun 2020-ci il tarixində Cinayət Məcəlləsinin 179.4, 308.1, 308.1-2 və 308.2-4-cü maddələri ilə başlanılmış və istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub.

Qeyd edək ki, bu ilin yanvar ayında KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib. Aparılmış istintaqla KİVDF-nin sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib,  işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  “Portos” MMC-nin bank hesablarına köçürüb.