Vüqar Səfərliyə 11 il həbs cəzası istənildi

Vüqar Səfərliyə 11 il həbs cəzası istənildi
Oxunma sayı: 2224

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə təqsirləndirilən digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror ittihamların məhkəmə baxışı zamanı da təsdiqini tapdığını bildirərək Vüqar Səfərlinin 11 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror digər təqsirləndirilən şəxslər Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı iş üzrə ittiham olunan yeganə qadın Təhminə Yaqubovaya isə şərti cəza verilməsini, qalanlarının hər birinin məhkəmə zalında həbs edilməsini xahiş edib.

Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı üzrə Dövlət Agentliyinin qaldırdığı mülki iddianın da təmin olunmasını istəyib.

Təqsirləndirilən şəxslərdən Ədalət Vəliyevin vəkili onun adına olan binanın zərərin ödənilməsi ilə bağlı dövlət nəfinə verilməsini və bunun yüngülləşdirici hal hesab edilməsi barədə məhkəməyə sənəd təqdim edib. Prokuror cəza istəyərkən Vüqar Səfərli tərəfindən dövlətə vurulmuş ziyanın qismən ödənilməsini də yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

Amin Nəzərli