“Vurulan” məmurların siyahısı genişlənir

vurulan-memurlarin-siyahisi-genislenir
Oxunma sayı: 2315



Hakimiyyətin sabiq məmurlarının gizlində təşkilatlanması prosesinə başlandığını dəqiq bildiyi atdığı addımlarda özünü göstərdi. Siyasi təhlilçilər hesab edir ki, əgər hakimiyyətin ayağı azacıq büdrəsəydi, həmin “vurulmuşlar”ın açıq mübarizəyə çıxacağı şübhəsiz idi. Seçkilər heç bir kataklizm olmadan keçdi və sabiq məmurların revanşı baş tutmadı. 

Sabiq məmurlar siyahısı isə son vaxtlar prezidentin verdiyi fərmanlar nəticəsində genişlənməkdədir. Təkcə son iki həftədə 3 rektor vəzifədən götürülüb, Metropolitenin rəisi Tağı Əhmədov vəzifəsindən azad edilib. Məlumatlara görə, bütün bunlar ölkə başçısının seçkidən bir müddət sonra başlayacağı islahatlar planının tədricən həyata keçirilməsidir. Bəs “vurulan” məmurlar sonradan hakimiyyətə hansısa təhlükə yarada, müxalifətə keçə və ya müxalifətə gizli dəstək verə bilərmi?

Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, vəzifədən çıxarılan məmurlar korrupsiyaya uğradıqlarına görə hakimiyyətin əlində onları ifşa edəcək kifayət qədər material var. Bunu həmin “vurulmuş” məmurlar dəqiq bilir. Ona görə də belə vəziyyətdə heç kim cəsarət edib müxalif mövqeyə keçməz, müxalifətlə yaxınlaşmaz: “Onların müxalifətin fəaliyyətinə, aktivləşməsinə gizli şəkildə maddi və digər formada dəstək vermələri də mümkün deyil. Çünki vəzifədən çıxarılsalar da nəzarətdən çıxarılmırlar. 

Vəzifədən çıxarılan məmurların müxalifətə keçməsi və ya müxalifətə dəstək verməsi o ölkələrdə baş verir ki, orada məmurlar işlədikləri dövrdə qanuna uyğun fəaliyyət göstəriblər, korrupsiyaya bulaşmayıblar. Diqqət edin, Tağı Əhmədovu vəzifədən çıxardılar, o isə dedi ki, prezidentin qərarı çox düzgün qərardır və çoxdan verilməli idi. Digər işdən çıxarılan məmurlar da belə edir. Hətta işdən çıxarılıb cəza verilən sabiq məmurlar var ki,  onlara verilən cəzanın düzgün olduğunu bildirərək dövlət başçısına təşəkkür edirlər. Çünki bilirlər ki, bu cəzaya etiraz etsələr, onları daha ağır aqibət gözləyir. Korrupsiya ilə sərvət əldə edən adamlar heç vaxt gəlib cəmiyyəti sağlamlaşdıracaq proseslərə pul qoymazlar".

Partiya sədrinin fikrincə, hətta sabiq məmurlar hansısa məqamda özləri ayrılıqda müxalifətçilik eləsələr belə, fəaliyyətləri müxalifətin əleyhinə ola bilər: “Bu adamlar nə gizli, nə aşkar müxalifətə dəstək verən deyillər, nə də demokratiyaya xidmətçi ola bilərlər. Hakimiyyətdən incik düşmüş keçmiş məmur qisasçılığa başlayanda bunun müxalifətə, demokratiyaya aidiyyəti yoxdur. Bu, demokratik situasiyanı bir qədər də qarışıq hala salacaq”. 

S.Cəlaloğlu sabiq məmurların müxalifətə keçməsi nümunəsi kimi Əli İnsanovu, Eldar Namazovu, Rəsul Quliyevi misal göstərməyin doğru olmadığını da bildirdi: “Əli İnsanov nə vaxtdan müxalifətə, demokratiyaya dəstək verib!? Həbs ediləndən sonra hakimiyyətə qarşı bəyanatlar verir. Əli İnsanov birincisi, özü özünün iqtidarda olduğu dövrdəki fəaliyyətini etiraf edib tövbə eləməlidir. Hələlik o, özünün vəzifədə olduğu dövrdə elədiyi qanunsuzluqlar haqqında bir kəlmə söz demir. Ancaq iqtidarı ittiham edir. Tövbə o zaman qəbul edilər ki, o desin ki, hakimiyyətdə olarkən xalqa qarşı siyasətin həyata keçirilməsində iştirak eləmişəm, ancaq bundan sonra ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm. Bu gün isə Əli İnsanov özünü müdafiə, qalanlarını isə ittiham edir. Rəsul Quliyev isə işdən çıxarılmamışdı, həbs olunmamışdı. Öz iradəsi ilə çıxıb getmişdi. Eldar Namazov da həmçinin. Hətta bu iki şəxsin müxalifətə qoşulması da müxalifətə ciddi bir uğur gətiribmi? Xeyr. Rəsul Quliyev əvvəllər bir müddət müxalifətə nə qədərsə xeyir veribsə, bugünkü bəyanatları ilə bir o qədər zərər vurur. 

Eləcə də Eldar Namazov nə qədər müxalifətə keçməyi ilə xeyir veribsə, bir o qədər də özünün bir sıra yanlış addımları ilə - Milli Şura, Rüstəm İbrahimbəyov projesini dəstəkləməklə müxalifətə ziyan gətirib. Belə adamların ardıcıl olaraq demokratiyaya, müxalifətə xidmət edəcəyinə inanmıram”.

Hömsöhbətimiz sonda vurğuladı ki, situasiyaya görə “demokrat, millətçi” olan adamların demokratiyaya və millətə heç bir faydasının olmadığını zaman sübuta yetirib. 

musavat.com