Vüsalə yeni meydanda- - Fotolar

vusale-yeni-meydanda-
Oxunma sayı: 5263


"Qafqazinfo" xəbər verir ki, bunu Lent.az-a bu gün APA.TV-nin efirində “Səhər zəngi” verilişi ilə yenidən efirə qayıdan tanınmış aparıcı Vüsalə Əlizadə deyir.

 Yeni kanalda ilk efirini başa vuran Vüsalə verilişi bitər-bitməz qonaqlarla sağollaşıb müsahibimiz oldu.

 - Vüsalə, ilk öncə səni təbrik edirəm. Bu gündən etibarən tamaşaçılar səni həftə içi hər gün səhərlər APA.TV-nin efirində “Səhər zəngi” verilişindən izləyəcəklər. Təəssüratın necədi?

 - Təbrikə görə çox sağ olun. Məni tanıyanlar bilir ki, artıq yeddi yaşımdan Azərbaycan Dövlət Televiziyasının Uşaq verilişləri redaksiyasında müxtəlif verilişlərə qatılırdım. Sonralar ATV kanalında və digər televiziyalarda da çalışmışam. Bunları sadalamaqda məqsədim odur ki, ilk gün də keçirdiyim həyəcanı “Səhər zəngi” verilişimdə də keçirdim. Verilişin ortalarında isə bir qədər həyəcan getdi və hər şey normallaşdı. Məncə hər bir insan olduğu yerin məsuliyyətini dərk etməlidi. Aparıcı düşünməlidir ki, hər bir çıxışı tamaşaçıya verdiyi bir imtahandır. Efirdə ağzından çıxan hər bir kəlmənin arxasında durmalısan. Bu, aparıcı üçün bir məsuliyyətdir.

 - 7 il əvvəlki Vüsaləylə indiki Vüsalə arasındakı fərq varmı?

 - Mənim üçün heç bir fərq yoxdur. Bu gün də elə illər öncə keçirdiyim həyəcanı yaşadım. Hər efirə çıxanda həyəcan mütləqdir. Bu məsuliyyətdən irəli gələn bir hisdir. Canlı efir məsuliyyətini isə hər aparıcı öz üzərinə götürmür. Hazırda aparıcılıq etdiyim APA.TV-nin efiri də elədir ki, ora dünyanın istənilən yerindən baxmaq olur. İnternetdə onlayn yayımlanır. Bu kanalı isə hər bir azərbaycanlı, o cümlədən əcnəbilər də izləyə bilir.

 - 9 aylıq fasilədən sonra niyə məhz APA.TV-ni seçdin?

 - Bu kanalla xeyli müddətdir ki, bağlılığım var. Bacım Xəyalə Dadaşova bu kanalda çalışır. Mənə söylədi ki, belə bir təklif gəlib, istəyirlər ki, mən orada veriliş aparım. Mən də başqa bir televiziyada başqa bir layihə hazırlayırdım. Amma bacım mənə bu təklifi deyəndən sonra məmnuniyyətlə razılıq verdim. Çünki az-çox burdakı kollektivdən xəbərdaram. Ailəmdən bir insan çalışır. O, hər dəfə evdə kollektivdən, rəhbərlikdən ağız dolusu danışırdı. Əgər o nədənsə narazı olsaydı, bəlkə də mənə olan təklifə yox deyərdim. Bir söz də deyim ki, burada çalışanlardan əksəriyyəti mənim qrup yoldaşlarım olub. Sözün açığı, bura mənə doğma bir yerdir. Özümü burda yad və ya yeni hiss etmirəm. Yəqin bu gün siz də hiss etdiz,  uşaq kimi sevincliyəm.  Məni istəyən, sevən izləyicilər harada istəsələr, tapacaqlar. Bu gün mənə nə qədər ismarışlar gəlib. Öz telefonumdan savayı, “İnstagram”, “Facebook”-a, elə “APA.TV-nin öz səhifəsinə çox sayda insanlar yazıb, sevinclərini bildirirdilər. Bundan savayı sənət dostlarım zəng edib, ismarışlar göndərirlər. Və bu diqqət məni sevindirməyə bilməz.

 - “Səhər zəngi” proqramının mahiyyəti barədə məlumat verərdin?

 - Bildiyiniz kimi məndən öncə də səhər proqramı var idi. Amma fərqli xəbər formatda idi. Mənə təklif gələndə dedim ki, icazənizlə mən istədiyim formatda olsun? Sağ olsunlar, istəyimə yox demədilər. Razılaşdılar. Mən dəyişikliyi sevirəm. Verilişimdə daha çox musiqilər, maraqlı süjetlər və tanınmış simalar qonaq olacaq. Hətta ilk efir günündə müğənni Samir Piriyev, reper Qurd, yumor ustası Müşfiq Şahverdiyev qonağım oldu. Demək istəyirəm ki, tamaşaçılar hər səhər maraqlı bir proqram izləyəcək.

 - Aparıcı olaraq televiziyada hansı həmkarlarını bəyənirsiz?

 - Doqquz ayda televiziyalardan, radiolardan da xeyli təkliflər aldım. Amma çəkildim kənara, indi yaşadıqlarımla, keçmişdə yaşadıqlarım arasında özüm-özümə imtahan verdim. Nə edirəm? Nə etmişəm? Nə edəcəm? Bu sualları özüm-özümdə çək-çevir etdim. Məhz həmin müddətdə olanlarım, qalanlarımı ələkdən keçirdim. Mənə qalanları tanıdıqdan sonra, yeni həyatıma başladım. Bu doqquz ayın mənə çox böyük köməyi oldu. Hərdən “İnstagram” səhifəmdə nəsə paylaşanda yazıram ki, “süzgəcdən keçirdiklərim yanımdadır”. Ümumiyyətlə, gərək bu həyatda yıxılasan. Yıxılanı qaldırmaq hər insanın işi deyil. Allah heç zaman peşmanlıq verməsin. Mənə elə gəlir ki, indi ətrafım yaxşı insanlarla doludur. Sizin vasitənizlə həmin dostlarıma çox sağ ol deyirəm. İlk efir günümdə də mənim yanımda oldular. Hətta verilişin hazırlıq prosesində də mənimlə idilər.

 - Efirdə olmadığın bu müddətdə kimlərdənsə incidin?

 - Həmin müddətdə mediadan çox incidim. Mənə “səndən yoxdur” deyən jurnalistlərin əksəriyyəti şəxsi həyatımı daha da qabartmağa çalışdılar. Bu isə mənə xoş deyil. Əslində bu da bir sınaq idi. Mən sınaqdan çıxdım.

 - Sizcə, aparıcıda hansı keyfiyyətlər olmalıdı?

 - Əsas söz ehtiyatıdır. Gözəllik, efirə yararlı simada olmamaq olar, amma sözünlə tamaşaçını ovsunlayıb, ekran qarşısında saxlaya biləcəksənsə, bu zaman tamaşaçı sənə baxacaq. Şərt o deyil ki, aparıcı mükəmməl savadlı olsun. Bundan əlavə özünəinam da olmalıdır. Daha sonra şarm, yaraşıq. Danışığı olmayıb, amma yaraşığı olana cəmi beş gün baxacaqlar, amma altıncı gün kanalı çevirəcəklər.