Vyetnam prezidenti BDU-nu təltif etdi

vyetnam-prezidenti-bdu-nu-teltif-etdi
Oxunma sayı: 1217

Vyetnamın Vung Tau şəhərində  Azərbaycan - Vyetnam Diplomatik əlaqələrinin yaranmasının 25-illiyinə həsr olunmuş II Dostluq Forumu keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan Forumda Vyetnam hökumətinin, Prezident Ofisinin, Kommunist Partiyasının, parlamentin və digər dövlət qurumlarının, o cümlədən Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.

Vyetnam parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış ediblər. 

Bakı Dövlət Universitetinin 400-dən artıq vyetnamlı məzunu olduğunu bildirən rektor Abel Məhərrəmov bu məzunların Vyetnamda yüksək vəzifələrdə çalışmalarından qürur hissi keçirdiyini vurğulayıb. O, uzun illər ötməsinə baxmayaraq, vyetnamlı məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq universiteti ziyarət etdiklərini, sonuncu dəfə cari ilin iyulun 13-də vyetnamlı məzunlardan ibarət nümayəndə heyətinin universitetdə olduğunu diqqətə çatdırıb.

Forumda vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən təltif edilən Vyetnamın “Dostluq” ordeninə layiq görülüb. Vyetnam Dostluq Təşkilatları Birliyi BDU rektorunu qurumun medalı ilə təltif edib.