Xaçmaz və Xudat sakinləri məşhur vəkil Vasif İsrafilova səs verəcəklərini deyirlər - Fotolar

xacmaz-ve-xudat-sakinleri-meshur-vekil-vasif-israfilova-ses-vereceklerini-deyirler
Oxunma sayı: 3753

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 4-də Xaçmaz rayonu Alikseyevka (Çaykənarı), Qıraqlı, Gödəkli, Mürşüdoba, Çiləgir, Sabiroba və təkrarən Nərəcan  kəndlərində bir sıra görüşlər keçirib.     

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov eyni zamanda, fevralın 6-da Şollar, Maqsudkənd, Çaxçaxlı, Susayqışlaq və Pərdiqıran kəndlərində görüş təyin edib.

Alikseyevka sakinləri Xaçmaz rayonundan olan yeganə Milli qəhraman Yavər Şahbazovun həmin kənddən olduğunu bildirərək kəndin adının Çaykənarı yox Qəhrəman Yavərin adını daşımasını arzuladıqlarını,  kənd məktəbinin tam təmirsiz, istifadəyə yararsız olduğunu, məktəbdə istilik sisteminin olmamasını, otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını, kənd xəstəxanasının istifadəyə yararsız olmasını, həkimin olmamasını, 2005-ə kimi xəstəxana olmasına baxmayaraq hazırda həkim məntəqəsi kimi istifadə olunduğunu, bağçanın tam təmirsiz olmasını, bağçanın bir korpusunun bələdiyyə tərəfindən zəbt olunmasını, içməli sularının olmamasını, kəndin yollarının bərbad vəziyyətdə olmasını namizədin nəzərinə çatdırıblar. V.İsrafilov məktəbdə, xəstəxanada, bağçada olub, vəziyyət ilə maraqlanıb.

Qıraqlı sakinləri kəndin yollarının təmirsiz olmasını, otlaq yerlərinin olmamasını, məktəbin köhnə və təmirsiz olmasını, məktəbin istilik sisteminin olmamasını, suvarma sistemlərində problemin olmasını qeyd ediblər.

Gödəkli kəndində olarkən namizəd kənd məktəbi ilə tanış olmuş, məktəbin yeni olması, bütün dərs şəraitinin olması, lakin istilik sisteminin yeni və istifadəyə yararlı olmasına baxmayaraq işlədilmədiyi müəyyən olunub. Eyni zamanda seçicilər kəndin əsas yolundan başqa digər yollarının təmirsiz olmasını, otlaq yerlərinin olmamasını, elektrik sisteminin köhnə olmasına görə tez tez işıqın söndüyünü, suvarma sistemlərində problemin olmasını, eyni zamanda kəndin əsas torpaq sahələrinə gedən yolda olan körpünün söküldüyünü, çaydan keçmək üçün əhalinin başqa kəndlərə getdiklərini, körpünün bərpa olunmasının kənd üçün vacib əhəmiyyətli olduğunu  qeyd ediblər.

Mürşüdoba sakinləri yolun olmamasını, məktəbinin köhnə və təmirsiz olmasını, yeni məktəbin tikilməsinə ehtiyac olmasını, məktəbin istilik sisteminin olmamasını, otlaq sahələrinin, tibb məntəqəsinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını qeyd ediblər.

Çiləgir  sakinləri kənd yolunun olmamasını, kəndin məktəbinin 10 ildir tikilməsinə baxmayaraq təmirsiz olmasını, məktəbin istilik sisteminin olmamasını, otlaq sahələrinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını bildiriblər.

Sabiroba  sakinləri məktəbin olmamasını, 100 evdən yuxarı kənddə heç olmasa ibtidai məktəbin tikilməsinin vacibliyini, ibtidai məktəbin tikintisinə ayrılmış torpağın bələdiyyə tərəfindən satıldığını, yolun kənddən keçən hissəsində piyada keçidinin, radarın qoyulmasına ehtiyac olmasını, kənddə qəbirstanlığın olmamasını, otlaq sahələrinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını qeyd ediblər.

Nərəcan kəndinin sakinlərinin təkrarən müraciəti əsasında kənddə olarkən kəndin sakinləri əlavə olaraq göstəriblər ki, kənddə olan məktəbin stadionu və ümumi stadion bağlanıb, təmir olunmur, istifadə edilməyə icazə verilmir, zəbt olunub. Eyni zamanda ölkəyə gələn keyfiyyətsiz dərmanlardan bağlarda istifadə edildiyi üçün həmin dərmanlar bağları qurudub, bərbad hala salıb.

Vasif İsrafilov Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.