56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu Xaçmazın 5 kəndində keçirdiyi görüşdə seçicilərə pulsuz hüquqi yardım göstərib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov həmçinin fevralın 1-də Xudat şəhər mədəniyyət evində özünün təyin edilmiş görüş vaxtında həmin dairədən bütün namizədləri debata çağırıb, bu barədə şəxsən dairə seçki komissiyasına müraciət edib.
Eyni zamanda V.İsrafilov yanvarın 30-da saat 11.00-da Muxtadır qəsəbəsində, 12.30-da Seyidli kəndində, 14.00-da Xuray kəndində, 15.30-da Nabran kəndində, 16.30-da Tel kəndində görüş təyin edib. Bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-də saat 12.00-da Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib.
Tanınmış vəkil yanvarın 28-də Xaçmaz rayonu, Ləcət, Tağaroba, Moruqoba, Xanoba və Yalama kəndlərində bir sıra görüşlər keçirib. Seçicilər kəndlərdə olan problemləri namizədin nəzərinə çatdırıblar.
Ləcət sakinləri bir neçə kəndin şagirdlərinin təhsil aldığı 500 yerlik kənd məktəbinin tamam qəzalı vəziyyətdə olduğunu, məktəbdə istilik sisteminin olmamasını namizədin nəzərinə çatdırıb. V.İsrafilov məktəbdə olmuş, məktəb direktoru təhsil ocağının qəzalı vəziyyətdə olması ilə bağlı 16 ildən artıqdır ki, aidiyyatı orqanlara müraciət olunduğunu, məktəbin Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara yararsız olması aktlaşdırıldığını bildirib. Müəyyən olunub ki, kənd məktəbindən ali məktəblərə daxil olma göstəricisi sıfır vəziyyətindədir.
Eyni zamanda kənd sakinləri mədəniyyət sarayının və hazırda həkim məntəqəsi kimi fəaliyyət göstərən xəstəxananın bərbad vəziyyətdə olmasını V.İsrafilova əyani surətdə göstəriblər. Müəyyən olunub ki, xəstəxanada 16 nəfərlik personalda 1 diş həkimi fəaliyyət göstərir, həmçinin həkim məntəqəsində maddi texniki təminat və istilik sisteminin tamamilə yox vəziyyətində olması müəyyən olunub.
Sakinlər kənd ərazisindən keçən avtomobillərin təhlükə yaratmasını nəzərə alaraq ərazidə radarların və işıqforun quraşdırılmasının vacibliyini nəzərə çatdırıblar. Eyni zamanda poçt sistemində, suvarma sistemində, işıq sistemində, kənd cavanlarının işsizlik probleminin olmasını Vasif İsrafilovun nəzərinə çatdırıblar.
Tağaroba sakinləri yollarının, mavi yanacağın olmamasını, içməli su sisteminin olmamasını, 100- yaxın ailənin yaşadığı kənddə cəmi bir krantın olmasını, həmin suyun da artıq tükəndiyini, içməli su növbəsi zamanı daimi mübahisələrin yaşandığını, suvarma sistemində problemlərin olmasını, işıq sistemində problemlərin (transfarmatorun köhnə) olmasını, kəndə avtobusun olmamasını qeyd ediblər.
Moruqoba əhalisi kəndə gələn yolun, mavi yanacağın olmamasını, məscidin tamam yararsız vəziyyətdə olmasını, suvarma su sistemlərində problemlərinin olmasını, kəndə avtobusun olmamasını bildiriblər.
300 evlik Xanoba kəndlərində olarkən kənd yollarının bərbad olmasını, tibb məntəqəsinin, işıq, suvarma sistemlərində problemlərin olmasını, kənddə bir namazgah olmasını, onun da fəaliyyətinin qadağan edilməsini, təhsil probleminin olmasını, son 20 ildə bir məzunun belə ali təhsil almamasını qeyd ediblər.
1000 evdən artıq yaşayışı olan, Gənclərin çoxluq təşkil etdiyi Yalama kəndində olarkən sakinlər gənclər üçün idman kompleksinin olmamasını, məktəblərdə isinmə sisteminin olmamasını, yollarda radarların olmamasını qeyd ediblər.
Vasif İsrafilov cənab prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.
Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.




