Xaçmaz və Şabranda nəzarətə götürülmüş yanğınların tam söndürülməsi və soyutma tədbirləri davam etdirilir.
FHN-dən "Qafqazinfo"ya bildirilib ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Aviasiya dəstəsinə məxsus 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.
***
FHN Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər