Xaçmazda şikayət edən vətəndaşlar təhdid edilib? - Foto

xacmazda-sikayet-eden-vetendaslar-tehdid-edilib
Oxunma sayı: 3832

“Kəndimizdə nə su var, nə işıq, nə də qaz. Elə bil orta əsrlərdə yaşayırıq. Üz tutduğumuz bütün yerlərdən də eşitdiyimiz tək söz “baxarıq”dır”. 

Bu sözləri “Qafqazinfo”ya müraciətində Xaçmaz rayonunun Fərzəlioba kənd sakini Ülkər Bayramova deyir. 

O, bildirir ki, kənddəki işıq dirəkləri 1961-ci ildə qoyulandır: “Dirəklərin 99%-i qəzalı vəziyyətdədir. Bu illər ərzində nə təmir olunub, nə də yenilənib. Demək olar ki, hər gün işıq sönür. Günlərlə işığa həsrət qalırıq. Yananda da o qədər zəif olur ki, evdə istifadə etdiyimiz məişət əşyaları yararsız hala düşür. Su ilə bağlı da problemimiz var. Düzdür, kənddə bulaqlar var və oradan istifadə edirik. Amma bağımızı, əkin sahəmizi suvarmaq üçün bir damcı da olsun su tapılmır”. 

40 yaşlı Ülkər Bayramovanın sözlərinə görə, illərdir bu problem var və həllini tapmır: “Təkcə Fərzəlioba kəndi yox, İdrisoba da eyni problemləri yaşayır. Bu kəndlərdə heç bir infrastruktur yoxdur. Yol bərbad gündədir. Tibb məntəqəsi, bağça, marşrut, poçt, məscid və bu kimi lazımlı olan heç nə yoxdur. Bələdiyyə keçən il 8000 min pul yığdı ki, yol çəkdirəcək. Amma o pul hara getdi, heç bilmədik. 3 km yola cəmi üç  “Kamaz” daş töküldü. İnternetimiz də yoxdur. Uşaqlar dərsləri üçün internetə ehtiyac duyur axı... Çəkmirlər. Dəfələrlə “AzTelekom”a yazılı şəkildə müraciət etmişik. Şikayətimizə heç baxılmır”.

Şikayətçi bildirir ki, kənd camaatı narazı olduğu üçün icra nümayəndəsi Rəşad Hacıbalayevin yanına şikayətə gediblər: “Sabahı gün icra nümayəndəsi Xudat şəhər polis bölməsinin rəisi Vüqar Hacıyevin vasitəsilə polis əməkdaşlarını kəndə göndərib ki, bəs, dövlətə qarşı gəlirsiniz. Bizi həbslə hədələdilər. Özüm bu kəndin məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışıram. Həmin gün məni də şöbəyə apardılar. Kənd camaatı və şagirdlərimin qarşısında nüfuzdan salmağa çalışdılar”. 

Ülkər Bayramova onu da bildirir ki, qazın çəkilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə yazıblar: “Oradan bizə məlumat verildi ki, yaxın 5 il müddətində bu kəndlərə qaz çəkilişi nəzərdə tutulmayıb”.

Məsələ ilə bağlı Köhnə Xudat İcra nümayəndəsi ilə əlaqə saxladıq. İcra nümayəndəsi Rəşad Hacıbalayev bildirib ki, bütün bu problemlərin birdən-birə həll olması mümkün deyil: “Onlar gəlib deyirlər ki, kənddə qaz, su, işıq yoxdur. Bununla razıyam. Çünki mən özüm də elə o kəndin sakiniyəm və çalışıram ki, bu problemlər həllini tapsın. Amma kənd camaatı bu problemlər həll olmamış deyirlər ki, kənddə bağça da olsun, tibb məntəqəsi də, poçt da. Axı bunların hamısı birdən-birə olmur. Gərək bir-bir olsun. Əlbəttə, mən də istəyərəm ki, yaşadığım kəndin hər problemi öz həllini tapsın”. 

Rəşad Hacıbalayev deyir ki, bununla bağlı lazımi qrumlara məlumat verilib və onlar da kəndə gələrək baxış keçiriblər: “Keçən həftə Xaçmaz Elektrik Şəbəkəsinin və Xudat elektrik yarımstansiyasının nümayəndələri gəlib kənd camaatı ilə görüşdülər. Mən özüm də onlarla birlikdə idim. Bütün dirəklərə baxdılar və İdrisobada transformatorun da təmiri üçün söz verdilər. Elə dedikləri kimi də etdilər. Keçən həftə cəmi iki günə transformator təmir olundu. İndi qalıb dirəklərin dəyişdirilməsi. Bu da dekabrın 1-dən etibarən dəyişdirilməyə başlanılacaq. Hazırda qonşu kənddə kabelləşmə gedir. Oradan çıxan dirəklər bu kəndə gətiriləcək və dəyişdiriləcək. Bundan başqa qazın çəkilməsi ilə də bağlı kəndə nümayəndə gəlmişdi. Onlar məlumat verdilər ki, hazırda Maqsudoba kəndinə qaz çəkilir. Bu kəndə qaz xəttlərinin çəkilməsi yanvarın sonunda bitəcək. Bundan sonra, təxminən fevral ayında İdrisoba və Fərzəlioba kəndlərinə qaz xəttinin çəkilməsinə başlanılacaq. Bu işlər siyahıya uyğun olaraq ardıcıl həyata keçirilir. Bir kənddə yarımçıq saxlayıb digərində başlamaq olmaz. Bundan başqa internet xəttinin çəkilməsi ilə də bağlı söz verilib. Elə sizdən öncə olarla danışırdım. Qısa müddətdə onu da çəkəcəklər”.

İcra nümayəndəsi kəndə polislərin gəlməsi məsələsinə aydınlıq gətirib: “Bu camaat yığılıb İcra Hakimiyyətinin qabağına getmişdilər. Pandemiya ilə əlaqədar olaraq bir yerə toplaşmaq olmaz. Oradan mənə də məlumat verildi ki, vətəndaşlar burada toplaşıblar. Daha sonra mən ora getdim və gördüm ki, 40-50 nəfər toplaşmışdı. Buna görə də oraya polis əməkdaşları gələrək onları təlimatlandırdı. Amma orada heç kim polis tərəfindən nə təzyiq görüb, nə də şöbəyə aparılıb. Elə həmin yerdə, İcra Hakimiyyətinin önündə hamıya söz verildi ki, qaz və işıq idarəsindən nümayəndə gələcək, problemlərlə maraqlanacaq. Elə də oldu”.

Lamiyə Məmmədova