Xalça Muzeyinə yeni direktor təyin olundu - Fotolar

xalca-muzeyine-yeni-direktor-teyin-olundu
Oxunma sayı: 2324

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, yeni direktor muzeyin kollektivinə təqdim edilib. Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb.

Nazir qeyd edib ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır:

“Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.