“Xaliq Faiqoğlu” 120 CNG avtobus alır

xaliq-faiqoglu-120-cng-avtobus-alir
Oxunma sayı: 4047

“Xaliq Faiqoğlu” şirkəti 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının alınması layihəsinin icrasına başlayıb.

Şirkətin təqdim etdiyi tələblər toplusuna ən uyğun şərtləri Türkiyənin avtobus istehsalçılarından olan “Otokar Otomotiv ve Savunma Sanayi AŞ” təqdim edib. Beləliklə “Xaliq Faiqoğlu” şirkəti ilə “Otokar” arasında 2021-ci ilin 4 may tarixində imzalanmış müqaviləyə əsasən alınması nəzərdə tutulan 120 ədəd ekoloji təmiz CNG növlü, AVRO–6 standartlı iritutumlu avtobusların 50 ədədi artıq cari ilin sonunadək ölkəyə gətiriləcəkdir. Avtobusların növbəti hissəsinin isə mərhələli şəkildə ölkəmizə gətirilməsi planlaşdırılır.

Sərnişinlərin rahatlığı və təhlükəsizliyini daim əsas vəzifə hesab edən “Xaliq Faiqoğlu” şirkətinin istismara verəcəyi yeni nəqliyyat vasitələri “Otokar KENT LF CNG” modelləri olacaqdır ki, avtobusların 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik (qoşqulu) olacaqdır. Layihənin ümumi dəyəri 48 milyon 584 min manatdır və layihə “Paşabank”ın, eləcə də Türkiyədə fəaliyyət göstərən “Paşa Yatırım Bank”ın maliyyə dəstəyi ilə həyata keçirilir.

Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda “Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir: “Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edə biləcəyik. Xüsusi qeyd etmək istəyirəm ki, “Otokar”ın indiyədək qəbul etdiyi ən böyük sayda CNG növlü avtobus sifarişini edən “Xaliq Faiqoğlu” şirkəti əvvəlcədən bəyan etdiyi fəaliyyət proqramına uyğun olaraq avtobus parkının yenilənməsini nəzərdə tutur. Təəssüf ki, mövcud Covid-19 pandemiyası layihələrimizin müəyyən qədər yubanmasına səbəb oldu. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtımızda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlarına uyğun olaraq, həmçinin daşıyıcılar qarşısında qanunvericiliklə müəyyən edilmiş tələblərin icra edilməsi istiqamətində işlərimizi uğurla davam etdiririk. Eyni zamanda bu layihənin həyata keçməsində böyük dəstək göstərmiş “Paşabank” rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, xüsusilə özəl sektora göstərilən dövlət dəstəyi “Xaliq Faiqoğlu” şirkəti olaraq bizi yeni layihələr icra etməyə, fəaliyyətimizi daha da genişləndirməyə təşviq edir. Bundan sonrakı dövrlərdə də avtobus parkımızın yenilənməsi ilə bağlı ölkəmizə xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.