“Xalq artisti” kəlməsi o qədər cılızlaşmış bir biçim alıb ki, özünə hörmət edən kəslərin çoxu heç bu adı almaq belə istəmir. Bu adı qazanan bəziləri isə daha çox hörmətsizlik, təbiyyəsizlik etməklə özünü göstərir, nə həya edib özlərini düzəltmək istəyirlər, nə də “basdırılmış” hörmətini yenidən abıra salmaq fikrindədirlər.
Dünən milli telekanalların birində “Yad qızı” tamaşasından səhnələrə baxmaq imkanım oldu. Vaxtiylə uşaqılıqda izlədiyim( o vaxt indiki kimi +18 məsələsi yox idi, yaşından, başından asılı olmayaraq hamı nə verirdilərsə, ona da baxırdı), hamını ağladan həmin teletamaşanın səhnələrini azdan-çoxdan xatırlayırdım. Bir də bu yaşda analiz etmək istədim. Teletamaşanın əsas qəhrəmanlarından biri də Jalə rolunu canlandıran aktrisa Məleykə Əsədova idi. Bəli, həmin Məleykə Əsədova ki, bu gün xalq artisti adınının, eləcə də bir çox mükafatların sahibəsidir. O vaxtın Məleykəsi və bugünün Məleykəsini müqayusə etmək belə doğru olmazdı. Həmin dövrdə aktrisa səhnə üçün yeni idi, görkəmi, saç düzümü, makiyajı, sifət quruluşu tamam ayrı bir insandan xəbər verirdi. Xülasə, məqsədim illər əvvəlki aktrisanın bugünə qədər dəyişdiyi məqamları xatırlatmaq deyil. Sadəcə, Məleykə Əsədova bir çox həmkarlarından fərqli olaraq daha qıvraq davrandı. Özünün də dediyi kimi mərhum prezidentimiz Heydər Əliyev tək Azərbaycan üçün yox, aktrisa üçün də çox işlər gördü. Prezidentlə incəsənət nümayəndələrinin görüşündə davranışı ilə gözəgirən aktrisa bir qələmdə “Xalq artisti” tituluna qovuşdu. O vaxtlar tezbazar “mükafat” təkcə həmkarlarının deyil, sıravi insanların da pıçıldaşdığı mövzulardan biri idi. İllərini sənətinə vermiş, xalqın sevgisini qazanmış həqiqi “xalq artist”lərinin çoxu hələ də bu gün soyuq otağında qiymətə minməyini gözləyir. Amma şərt pafosla deyiləm bu titulu əldə etmək yox, onun xalqın arşınına uygun olmasıdır. Bir də xalq həqiqi artistini də tanıyır, artistlik edib “hörmət” qazananları da.
İndi deyəcəksiz, bir neçə ildən sonra 50 yaşıını haqlayacaq aktrisadan nə istəyirsən? Ən əvvəl Məleykə Əsədova mənim üçün aktrisadan(müğənnilik heç onluq deyil) çox bədii qiraətlə məşğul olan, şeiri yaxşı əzbərləyib və deməyi bacaran bir incəsənət nümayəndəsidir. O qədər bu sahənin təmsilçiləri olan yerdə bu xanımın adı niyə bu qədər tez-tez çəkilir? Dəbdəbəli evi, canlı efirdə bahalı bazarlığı, son model maşınında qızı üçün düzəltdirdiyi tualet, geyimi, saç rəngi, bahalı kosmetika və parfümləri və s. Bu boyda ölkədə tək aktrisalıq və şeir oxumaqla xeyli pullar xərcləyən daha başqa incəsənət nümayəndəsi tanıyırsınızmı? Soyunmaq, tərbiyyəsizliklə pul qazananları demirəm. Onların mədəniyyət və incəsənətə aidiyyatı belə yoxdur. Bildiyimə görə, vaxtiylə aktrisanın da soyunmağa bənzər səhvləri olub. Bununla bağlı faktlar da var. Amma bu gün Allah var, o daha zədəgansayağı davranışı ilə seçilir. Üzvü olduğu hakim partiyanın ona bağladığı ümidlərini doğruldur, üzünü ağ edir. Sözsüz, onun qarşısında açılan imkanlar bir az da eninə-uzununa böyüyür. Bu yaxında, 2014-cü il olan kimi ona verilən “Aypara və Ulduz” mükafatı da bunlardan biridir. Orden aktisanın mədəniyyətlərarası münasibətlərin qurulması, milli-mənəvi dəyərlərin təbliğində göstərdiyi ictimai fəaliyyətinə görə verildi. Özü də İnsan Hüquqları Müdafiəsi üzrə Beynəlxalq Komitə tərəfindən. İnsan Hüquqlarının həmin xidmətlərə nə dəxli?
Razıyam bacaran, məqsədlə durub-oturan insana hər şey qurbandır. Bəs digər aktrisalar, hələ də kirayədə yaşayanlar, onlar bu dövlətin ögey övladıdırmı? Onlara niyə bu qədər diqqət göstərilmir? Onların da dili var, çoxu Məleykə xanım kimi gözəl-baxımlı( salonda vaxt keçirmək üçün pul lazımdır, pulsuz admın başını daramazlar da) olmasa da. Lap bu məqamı da kənara qoyuram. Olmaya Məleykə Əsədova xalqını, Vətənini həmkarlarından daha çox sevir. Ötən il canlı efirdə Şuşanın işğalı günündə “bayram tədbirindən gəlirəm”, “prezidentimizin ad günü ilə əlaqədar bayram keçiririk” deyən də Məleykə Əsədova idi. Şuşanın işğal olunması tarixini unudan, ya heç bilməyən aktrisa onda da fərasətliliyi nəticəsində vəziyyətdən çıxa bilmişdi.
Və nəhayət, iki gün əvvəl onun haqqında yayılmış xəbər lap eqoistikdən xəbər verirdi. Bu xəbər sadə məsələ deyil. Məleykə Əsədova öz müsahibəsində deyir ki, vaxt olanda qızıyla İtaliyaya bazarlığa gedir. Bəli, fürsət düşmüşkən öz sənətini püxtələşdirmək də yox, məhz bazarlığa. Çox düşündürücüdür. Aktrisanın geyindiyi, istifadə etdiyi heç bir şey Bakı malı(burada satılan əcnəbi mallar) deyil. Aktrisamız tanınmış brendlər, markaların adını şeirləri kimi əzbərə bilir. Məleykə Əsədovanın həmkarlarından kimsə də bunları bilirmi, İtaliyaya gedib alver edirmi? Mənə ən xoş gəlməyən odur ki, Məleykə xanım bu açıqlamalar verməklə öz həmkarlarına konkret haqsızlıq edir, vəssalam. Bəs onlar niyə qabağa gedə bilmir? Onların ulduzu nə vaxt parlayacaq? Fikrimcə, aktrisa, aktyor maaşının cüzi olduğu ölkədə tək İtaliya səfərlərinin qiymətini hesablasaq, başımız “donacaq”. Kaş ki, biz hesabdan anlamazdıq, kaş...