“Xalq Əmanəti” Vəcihə Səmədovanın rəng dünyasında

xalq-emaneti-vecihe-semedovanin-reng-dunyasinda
Oxunma sayı: 3213


Layihənin sayca on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub. Təqdim olunan “Rəngkarlıq və qrafika” bədii albomu unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir. Ötən əsrin 50-ci illərində öz bədii dili ilə novatorluğa imza atan sənətkar böyük koloristik qabiliyyəti, istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində uğur qazandı. Onun əsərlərinə məxsus rəng təravəti, kompozisiya quruluşunun orijinallığı dünyaya xüsusi baxışı əks etdirir. Rəssamın  Azərbaycan təbiətinin əsrarəngiz inciləri - Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri - müasirləri olan ağıllı, savadlı, özünə güvənən, iradəli, amma şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malik qadınların gözəl portret qalereyası, kəndlilərin, zəhmətkeşlərin milli çalarlarla dolu həyatını əks etdirən tabloları, Bolqarıstan motivləri, avtoportretləri estetik və bədii dəyərə malik olan  tamamlanmış təsviri sənət əsərləridir. Vəcihə Səmədova zaman baxımından qısa ömür sürsə də yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri, cəmiyyətə bəxş etdiyi istedadlı övladları ilə, Azərbaycan Rəssamlar İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də Аzərbaycan rəngkarlığının pərəstişkarlarının qəlblərində yaşayır. 

Layihə çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görmüş, “Azərbaycan sikkələri” elmi-tarixi tədqiqat işi nəşr etdirilmişdir. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri təşkil edilmişdir. Bütün nəşr olunmuş kitablar hədiyyəlikdir və üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova eləcə də Mahmud Tağıyev, Mikayıl Abdullayev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür.

Rəssamın əsərlərinin ekspozisiyaları may ayının 23-dən avqust ayının 23-dək Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) və “Gəncə” filialında (Ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Vəcihə Səmədova

24 noyabr 1924-cü ildə Bakıda anadan olmuşdur

1940-1944 – Ə.Əzimzadə adına Azərbaycan Dövlər Rəssamlıq məktəbində oxumuşdur

1944-1953 – V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda oxumuşdur

1946-cı ildən sərgilərdə iştirak etmişdir

1954-cü ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlər Rəssamlıq məktəbində dərs demişdir

1960 – Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və rəngkarlıq seksiyasının sədri olmuşdur

1965 – Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi adına layıq görülmüşdür

1965 – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna Vəcihə Samədovanın adı verilmişdir

Seçilmiş sərgiləri:

1962 – Fərdi sərgi, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sərgi salonu, Bakı, Azərbaycan

1967 – Fərdi sərgi, Vəcihə Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan

1973 – V.Səmədova və L.Feyzullayevin sərgisi, Mərkəzi sərgi zalı, Moskva, Rusiya

2005 – V.Səmədovanın 80 illik, L. Feyzullayevin 85 illik yubileyinə həsr olunmuş sərgi,

Səttar Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan

V.Səmədovanın əsərləri Vyana, Qahirə, Beyrut, Pekin, Varşava, Budapeşt, Sofiya və digər

dünya şəhərlərində sovet incəsənəti təmsil edən beynəlxalq sərgilərdə dəfələrlə nümayış olunub.

Vəcihə Səmədova 25 oktyabr 1965-ci ildə Bakıda vəfat etmişdir