“Xalq Əmanəti”nə sədaqət nümunəsi - Fotolar

xalq-emanetine-sedaqet-numunesi
Oxunma sayı: 1157

2010-cu ildən etibarən “Xalq Əmanəti” layihəsi hər il davamlı olaraq ildə bir neçə dəfə həyata keçirilir. Layihə çərçivəsində çap olunan kitablar, bədii albomlar sözə, sənətə qiymət verən kitabsevərlərə təqdim olunur.

"Qafqazinfo"nun məlumatına görə, bu illər ərzində Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində Böyükağa Mirzəzadənin, Maral Rəhmanzadənin, Xalidə Səfərova və Mahmud Tağıyev tandeminin, dünya şöhrətli Səttar Bəhlulzadənin, Fazil Əliyevin, Gennadi Brijatyukun, Qorxmaz Sücəddinovun, Rza Məmmədovun, Mikayıl Abdullayevin, Vəcihə Səmədovanın əsərlərindən ibarət sərgilər keçirilib, onların həyat və yaradıcılıqlarından bəhs edən “Rəngkarlıq və qrafika” albomları 3 dildə - azərbaycan , rus və ingilis dillərində işıq üzü görüb.

Həmçinin, bu layihə çərçivəsində xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin, azadlıq uğrunda hər zaman mübarizə aparan Xəlil Rza Ulutürkün, həmişə cavan, ölməz, sevilən şairimiz olan Mikayıl Müşfiqin şeirlərindən ibarət seçilmiş əsərləri, habelə görkəmli alim-numizmat, professor Əli Rəcəblinin müəllifi olduğu “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür. Qeyd olunan bütün kitablar dünyanın dörd bir tərəfində böyük marağa səbəb olub və geniş oxucu kütləsinin ixtiyarına verilib.

Aprel ayının 8-də layihə çərçivəsində növbəti, sayca 13-cü nəşr oxuculara təqdim edilib. Belə ki, bu tarixdə Xalq Bankın binasının 16-cı mərtəbəsində yerləşən qalereyada görkəmli Azərbaycan boyakarı, xalq rəssamı Nadir Əbdürrəhmanovun həyat və yaradıcılığına ehtiva edən bədii albomun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışında böyük izdiham var idi. Bu gecədə rəssamın ailə üzvləri ilə yanaşı, ailə və sənət dostları, tələbələri, sənətinin vurqunları, xeyli sayda mədəniyyət və incəsənət xadimləri və jurnalistlər iştirak edirdi. Tanınmış pianoçu Salman Qəmbərovun ifası sərgiyə xüsusi rəng, milli kalorit qatıb.

İlk olaraq söz Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş, xalq rəssamı Ömər Eldarova verildi. O, Nadir Əbdürrəhmanovu uzun illər tanıdığını, hələ Repin adına Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda bərabər təhsil aldıqlarını, təhsil müddəti ərzində eyni yataqxanada otaq yoldaşı olduqlarını, daha sonra rəssamlar üçün inşa edilən binada da qonşu olduqlarını vurğulayıb.

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Rafael Hüseynov tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov böyük sənətkarla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Nadir Əbdürrəhmanov Azərbaycanın ən tanınmış rəssamı, vətəndaşı, ictimai xadimi olmaqla yanaşı, Azərbaycanın ən xeyirxah insanı idi. Hər zaman cavanlara dəstək olaraq arxalarında sanki bir dağ kimi dayanırdı. Çıxışının sonunda Fərhad Xəlilov Xalq Banka həm öz adından, həm də rəssamların adından təşəkkürünü bildirib. 

Tədbirdə fırça ustaları ilə yanaşı rəssamın ailə üzvləri də iştirak edirdi. Sənətkarın oğlu, Arif Əbdürrəhmanov da həm öz, həm də ailəsinin adından Xalq Banka, “Xalq Əmanəti” layihəsinin kollektivinə rəssama göstərilən diqqətə görə, onun ruhunu əziz tutduqlarına və təqdim olunan alboma görə öz minnətdarlığını bildirib. 

Rəssamın əsərlərindən ibarət sərgini həftə içi hər gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək Xalq Bankın baş ofisinin 16-cı mərtəbəsində yerləşən qalereyasında izləmək, sərgini tərk etdikdən sonra isə xatirə olaraq ölməz sənətkarın həyat və yaradıcılığından bəhs edən “Rəngkarlıq və qrafika” albomunu pulsuz olaraq götürmək mümkündür. Giriş sərbəstdir.