“Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır”

xalq-prezident-birliyi-hemreyliyi-sarsilmazdir
Oxunma sayı: 1153

“7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin nəticələri hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsindən asılıdır. Azərbaycan zəngin seçki təcrübəsi ilə daim dünyanın diqqətində olub. Seçkidən-seçkiyə bu təcrübənin daha da təkmilləşməsi Azərbaycan dövlətinin seçki kampaniyalarının demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. 7 fevral prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, bu seçki kampaniyasına beynəlxalq səviyyədə göstərilən maraq müşahidəçilərin, həmçinin prosesi işıqlandıran mətbu orqanların say tərkibində də özünün aydın ifadəsini tapdı. Seçkilərlə bağlı rəylərdə qeyd edildi ki, siyasi kampaniyanın demokratikliyi yüksək səviyyədə təmin edilib, seçici fəallığı həm yaradılan şəraitin, həm də ölkədə görülən işlərin, qazanılan uğuların göstəricisidir. Hər kəs seçki məntəqələrinə gələrək seçki hüquqlarından istifadə etməklə həm özünün, həm də ölkəsinin uğurlu gələcəyi üçün seçimini etdi. Azərbaycanın demokratiya təcrübəsinin nümunə olduğu əsaslı şəkildə qeyd olundu”.

Onun sözlərinə görə, 7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın müasir tarixinə daha bir möhtəşəm səhifəni yazdı.

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda keçirilən bu seçkilərin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Suverenliyimizin tam bərpa olunması bu seçkilərin keçirilməsini zərurətə çevirən mühüm amil oldu. Çünki Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin uğurlu icrası artıq yeni hədəflərə bir çağırış oldu”.

Malik Həsənov bildirib ki, 20 ilin təqdimatı olan 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcıdır:

“Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyevin Mərkəzi Seçki Komisiyasının ilkin nəticələrinə görə seçiçilərin 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının Prezidentinə inamının, etimadının, onun ətrafında dəmir yumruq kimi birləşərək bundan sonra da ölkəmizin  zəfərdən-zəfərə doğru inamla irəliləmək istəklərinin göstəricisidir. Hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəliş mərhələsini yaşayır. Bu torpaqlarımız Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatı olmaqla yanaşı, yaradılan şərait vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirir”.

Millət vəkili bildirib ki, Zəfər seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin nümayişi oldu.