Xalq Prezidentə inanır!

xalq-prezidente-inanir
Oxunma sayı: 2867

Azərbaycanın son illər ərzində Ermənistan dövlətinin işğal etdiyi torpaqların döyüş xəttində əldə etdiyi uğurlar daha əvvəlki illərdə əldə edilən diplomatik uğurların davamıdır. Bu uğurlar isə daim Prezident İlham Əliyevin rəhbərliyi, geopolitik biliklərinə əsaslanan taktiki addımları sayəsində əldə edilib.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün hərb sahəsindəki zəfərlərimizdə xalqın İlham Əliyevə olan inamı, güvəni və dəstəyi hiss olunur. Prezident dəfələrlə çıxışlarında bildirib ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycan xalqının iradəsinin bariz nümunəsidir. Ölkə ictimaiyyəti və bütün vətəndaşlar son 17 ildə olduğu kimi, bu gün də, bundan sonra da İlham Əliyevə dəstəyini ifadə edəcək. Həm Aprel döyüşlərindən sonra, həm də hərbi sahədə İkinci Qarabağ Müharibəsinin başladığı 27 sentyabr tarixindən sonra dövlət başçısına olan dəstək və inam dəfələrlə artdı. Bunun nümunələrindən biri də son bir ay ərzində 330 min Azərbaycan vətəndaşının Prezident İlham Əliyevin Tvitter hesabını izləməsidir. Ölkə başçısı demək olar ki, hər gün hesabında sosial şəbəkə istifadəçilərinə yeni kəndlərin və şəhərlərin işğaldan azad edilməsi müjdəsini çatdırır. Həmin elanların ətrafında aparılan müzakirələrdə də hər kəs birmənalı olaraq Prezidentə dəstəyini ifadə edir. Hazırda Tvitterdə 600-650 min Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.

Buradan aydın olur ki, Tvitterdə hesab açan hər bir Azərbaycan Prezidentini izləyir və dəstəkləyir. Dövlət başçısı həm diplomatik sahədə uğurlar əldə edərkən, həm işğal altında olan torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatlarının keçirilməsinə qərar verərək, həm də bu gün xalqın dəstəyini hiss edib. İlham Əliyev arxayındır ki, xalqı onun yanındadır və hər bir vətəndaş da arxayındır ki, Prezident bütün fəaliyyəti boyunca xalqın iradəsini ifadə edir. Dövlət başçısı bu gün xalqa müraciətində də bu dəstəyi hiss etdiyini, xalqına arxalandığını bildirib: “Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir.

Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Hökumət ötən on illiklər ərzində beynəlxalq sahədə işğal altında olan torpaqların Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqda birgə bəyanatlar verməsinə nail olub. Bütün beynəlxalq təşkilatlar bu ərazilərin Azərbaycan torpağı olduğunu qəbul edib, bununla əlaqəli sənədlər imzalanıb. Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq aparılan xarici siyasət nəticəsində bu gün heç bir beynəlxalq birlik bu əməliyyatlara qarşı ifadə işlədə bilmir. İlham Əliyevin sözləri ilə desək, “Artıq həmin geosiyasi şərait yetişib”.

Amma bu şərait də öz-özünə yetişməyib, bunun üçün dövlət başçısının rəhbərliyi altında hakimiyyət illərlə enerji və səy sərf edib. Xalq da hər bir zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. İlham Əliyev xalqa müraciətində bu illər ərzində beynəlxalq aləmdə əldə edilən uğurların bir hissəsini sadalayıb və həmin zaman imzalanan sənədlərin bu gün üçün önəmini açıqlayıb: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək.

BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir”. Yəni, zamanında beynəlxalq aləmdə bu sənədlər qəbul edilməsəydi, beynəlxalq təşkilatlar və dövlətlər ayrılıqda bu əraziləri Azərbaycan torpağı kimi tanımasaydı, bəlkə də Ermənistan havadarlarının köməyi ilə o torpaqları ilhaq edərdi. Xarici siyasət deyildikdə, yalnız təşkilatların birgə bəyanatı nəzərdə tutulmur, həmin təşkilatı formalaşdırlan hər bir dövlətin bu mövqedə olması gərəkdir. Bunun üçün isə həmin ölkələrlə ikitərəfli münasibətlər, diplomatik, iqtisadi və mədəni əlaqələr mühüm rol oynayır. Onlarla ölkələrin eyni və haqlı mövqedə olması üçün isə dövlət başçısının müəyyən etdiyi strateji yol, xəritə hökumətin əsas istiqaməti olub. Beynəlxalq aləmdə hansı sənədin bu gün hansı gedişdə bizim dövlət olaraq əl-qolumuzu açmağımıza səbəb olduğunu, hansı sənədin danışıqlarda bizimlə təhdid dilində danışmağa cəhd edənləri susdurduğunu diplomatlar daha yaxşı bilər və izah edər. Amma ictimaiyyətə yaxşı bəlli olan bir məsələ buna çox gözəl misal olar.

Son bir neçə ildə Azərbaycanın İranla Araz çayı üzərində, Cəbrayıl rayonu ərazisində su elektrik stansiyaları tikməsi bəzi şəxslər tərəfindən müxtəlif cür yozulurdu. Həmin ərazilərin işğalda olmasını “Azərbaycan Ermənistan üçün stansiya tikir” kimi qələmə verənlər də oldu. Amma bu sənəd özü İlham Əliyevin uzaqgörənliyinin və torpaqların azad edilməsi uğrunda qətiyyətinin göstəricisi idi. İlham Əliyev əmin idi ki, bir gün o torpaqları geri alacaq və həmin stansiyalardan Azərbaycan xalqına işıq veriləcək.

Və artıq bu gün həmin stansiya de-yure olduğu kimi, de-fakto də həm də Azərbaycana məxsusdur. Bu sənədi o zaman İran Ermənistanla yaxud qondarma Dağlıq Qarabağ Respublikası ilə imzalamağa cəhd etsəydi, bunun üçün narahat olmağa dəyərdi. İranın həmin zaman Azərbaycan hərbçilərinin nəzarət etmədiyi Cəbrayıl rayonunda tikinti üçün Azərbaycan dövləti ilə sənəd imzalaması, həmin əraziləri dövlət olaraq Azərbaycan ərazisi kimi tanımasının təkrar sübutu idi. Burada Azərbaycanın bu illər ərzində xarici ölkələrdə həyata keçirdiyi mədəniyyət sahəsindəki xeyriyyə işləri, yardımlar, yatırımlar, humanitar addımları və dighər çoxsaylı diplomatik gedişləri misal çəkmək olar. Bu gün xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!