“Xameneiçilik və donuz əhvalatı...” - İranın şər düsturu

xameneicilik-ve-donuz-ehvalati
Oxunma sayı: 8097

“Xalq qəzeti”nin bugünkü sayında İran dövlətinin regionda apardığı pozucu siyasəti tənqid edən yazı dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, karikatura ilə birgə yayımlanan və “Xameneiçilik – İranın şər düsturu, türk düşmənçiliyi və donuz əhvalatı” başlıqlı yazıda İranın hər zaman Ermənistanla əlbir olması və Azərbaycana qarşı birgə hərəkət etmələri qeyd edilib.

Məqalədə bildirilib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş qanlı terror hücumundan sonra gözlənilirdi ki, Tehran özünün antiAzərbaycan təbliğatına ara verəcək: “Lakin bunun əksi müşahidə olunmaqdadır. Hələ bu azmış kimi, təbliğat, sanki, tamamilə yeni mərhələyə qədəm qoymaqdadır”.

Həmçinin vurğulanıb ki, hazırda İranın yürütdüyü siyasət uzun illərdir ölkədə hakim olan qüvvələrin məhsuludur: “Xameneinin və onun başlıca rol oynadığı fars molla teokratiyasının İslam dinində haram buyurulmuşlara meyil xislətində müsəlman aləmini parçalamaq əsas yeri tutur. Bir müsəlman dövləti yoxdur ki, Tehranla səmimi münasibətdə olsun. İran ancaq bəşəriyyətin bic doğulmuş məxluqlarına qucaq açmağı bacarır. Azərbaycan torpaqlarının illərdir ruhunu gəmirməyə çalışmış Ermənistan kimi goreşənlik simvolu ilə yaxınlıq ancaq Xamenei klerikallığının məhsulu ola bilər”.