Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verildi - Fotolar - Yenilənib

xankendi-prokurorlugunun-inzibati-binasi-istifadeye-verildi
Oxunma sayı: 3489

Xankəndidə şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hazırda inzibati binanın istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.

Tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edir.

***

İyunun 24 Xankəndi şəhər prokurorluğunun  inzibati binası istifadəyə verilib.

Açılış mərasimində Baş prokuror Kamran Əliyev iştirak edib.

Kamran Əliyev deyib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır:

“Ümummilli lider Heydər Əliyev, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.

Ölkə prezidentinin cari ilin 24 may tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir” , - deyə Baş Prokuror vurğulayıb.

Bildirilib ki, Xankəndi şəhər prokurorluğunun inzibati binasının qısa müddətdə istifadəyə verilməsi çox əlamətdar bir dövrə təsadüf edir.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. 

Daha sonra iştirakçılar  inzibati binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb. 

Bildirilib ki, bina  bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

***

Baş Prokurorluğun rəhbərliyi ilə "Ətraf Mühitini+ Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans keçirilir. 

Konfransda Baş prokuror Kamran Əliyev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov və digər şəxslər iştirak edir.