Hərbi Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusilə vurğulayıb ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.
Hərbi prokuror qeyd edib ki, 2012-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,5 faiz, hərbi xidmət əleyhinə cinayətlər 2 faiz, hərbi xidmətdən yayınma 16 faiz, fərarilik cinayətləri 7,7 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 22 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 5,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 12,5 faiz, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 22,2 faiz, silahlı birləşmələrdə ölüm halları 21,4 faiz, o cümlədən qəsdən adam öldürmə 33,3 faiz, özünü öldürmə həddinə çatdırma 70,6 faiz azalmışdır. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də, hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər o cümlədən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarə etmə və istismar qaydalarını pozma, mülkiyyət əleyhinə və qeyri hərbi cinayətlər cinayətləri artıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma, tabelik münasibələrində olmayan hərbi qulluqcular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması məqsədi ilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Kollegiyada hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulamışdır ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2013-cü il yanvarın 16-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Respublikanın hərbi prokurorluq orqanları 2013-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər.
Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin Xidmətin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il yanvarın 9-da 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 78,6 faizinin istintaq zamanı ödənilməsini təmin edib.
Xüsusi vurğulanmışdır ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Ötən il Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 2.001.948 (iki milyon bir min doqquz yüz qırx səkkiz) manat məbləğində vəsaitin istintaq zamanı ödənilməsini təmin edilib.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 63 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 149 yoxlama keçirilmiş, nəticədə 2575 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 317 təqdimat göndərilmiş, 222 nəfərə xəbərdarlıq edilmiş, 60 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 210 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 28 qanunsuz qərar ləğv olunub.
Kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilmişdir. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş 72 apelyasiya protestinin 64,7 faizi təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə hesabat dövründə 235 məhkəmə prosesi səyyar qaydada keçirilib.
Keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1741 müraciətinə baxılmış, 1063 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 3412 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 2738 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.