Xaricdə təhsil alanların viza, nəqliyyat və bank xərcləri qarşılanacaq

xaricde-tehsil-alanlarin-viza-neqliyyat-ve-bank-xercleri-qarsilanacaq
Oxunma sayı: 2606

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb. 

Qaydalara görə, dövlət proqramı ilə xaricdə bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan vətəndaşı olan gənclərin seçimi Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.

Proqram iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının 3 təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi nazirliyin nəzdində yaradılmış Dövlət Proqramının idarəetmə qrupu tərəfindən icra olunur. 

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi onların bu xərclərini əhatə edir: təhsil xərcləri; viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri; aylıq yaşayış xərcləri; tibbi sığorta xərcləri; beynəlxalq nəqliyyat xərcləri; bank və plastik kart xərcləri. 

Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 ay əvvəldən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir. Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. 

Qaydaya əsasən, Proqram iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Ölkələr üzrə ödənilən məbləğlə daha ətraflı buradan tanış olmaq olar.

Gülnar Əliyeva