Xaricdə təhsillə bağlı bəzi şəhadətnamələr saxtalaşdırılıb

xaricde-tehsille-bagli-bezi-sehadetnameler-saxtalasdirilib
Oxunma sayı: 1568

Son zamanlar işəgötürənlər tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində bəzi şəhadətnamələrin saxtalaşdırıldığı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Qurum belə halların qarşısını almaq üçün sözügedən sənədlərin həqiqiliyini yoxlamağı tövsiyə edib: “Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.

TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir”.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması TKTA tərəfindən həyata keçirilir. Həmin qaydalara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir. Müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinin şəxsi kabinetinə göndərilir.