İyunun 16-da dünya ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə xalqımızın Milli Qurtuluş Gününə həsr olunmuş onlayn beynəlxalq dəyirmi masa təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Diasporla İş Üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilib. Məqsəd görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin vətəndaş müharibəsindən xilas edilməsi, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer qazanması və regionun ən güclü dövlətlərindən birinə çevrilməsi istiqamətində misilsiz xidmətləri barədə dünyanın müxtəlif ölkələrində yaşayan məktəbli soydaşlarımızı məlumatlandırmaq olub.
Onlayn tədbirə Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Amerika Birləşmiş Ştatları, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Moldova, Macarıstan, Əlcəzair Xalq Demokratik Respublikası, İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı, Pakistan, Şimali Kipr Türk Respublikası, Tayland Krallığı və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin 9-14 yaş qrupuna daxil olan övladları, eləcə də Azərbaycandan məktəblilər qoşulublar. Ümumilikdə, virtual tədbirdə 100 məktəbli iştirak edib.
Tədbirin gedişində iqtisadi, siyasi cəhətdən inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, müstəqilliyimizin və milli-mədəni irsimizin qorunub saxlanmasına dair videoçarxlar nümayiş etdirilib.
Son xəbərlər
Son Xəbərlər