“Hazırda karantin rejiminin uzadılması istiqamətində aidiyyəti strukturların təklifləri təhlil edilir”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, bu təkliflərə kompleks yanaşılır: “Bu təhlillər nəticəsində karantin rejiminin uzadılması ilə qərar qəbul ediləcək. Karatin rejiminin yumşaldılması tədricən aparılmalıdır. Hər bir ölkədə buna fərdi yanaşılmalıdır. Hazırda Azərbaycanın sərhədləri bağlanıb, xarici ölkələrə uçuşlar dayandırılıb. Bunun nəticəsində virusun xaricdən idxalı dayanıb, ölkə ərazisində virusun yayılması azalıb. Xaricdən gətirilən Azərbaycan vətəndaşları ilk olaraq karantin zonasında yerləşdiriliblər.
Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi istiqamətində iş aparılır. Rusiyada olan vətəndaşlar quru yolu ilə, digər ölkələrdə olan vətəndaşların çarter reyslərlə gətirilməsi planlaşdırılır. Biz bunu müsbət amil kimi qeyd edirik ki, ölkə xaricində olan vətəndaşların mütləq əksəriyyəti dövlətimiz tərəfindən aparılan işləri dəstəkləyir və təmkinli davranırlar. İstisna şəxslər sosial şəbəkələrdə müəyyən çıxışlar edirlər. Rusiyada yaşayan Azərbaycan vətəndaşları “Evegedirem” portalında qeydiyyatdan keçdikdən sonra növbəlilik əsasında onların ölkəyə gətirilməsi təmin ediləcək. 200-400 vətəndaşın mərhələli şəkildə gətirilməsi planlaşdırılır. İlk 5 gün qeydiyyatlar qəbul ediləcək, sonra qeydiyyat bağlanacaq. Həmin qeydiyyatdan keçənlər analiz edildikdən sonra qeydiyyat təkrar açılacaq. Artıq Rusiyada yaşayan 550-yə yaxın şəxs Xarici İşlər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçiblər. Təxliyyə zamanı ilk onlar nəzərə alınacaq. Vətəndaşların sərhəd məntəqəsinə gəlməsinə ehtiyac yoxdur”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər