Xarici ticarət iştirakçıları ilə görüş

xarici-ticaret-istirakcilari-ile-gorus
Oxunma sayı: 1015

Oktyabrın 18-də Dövlət Gömrük Komitəsində idxal və ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş biznes subyektlərinin rəylərinin dinlənilməsi, eyni zamanda idxal və ixrac prosesləri zamanı meydana çıxan problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlərin həyata keçirilməsi, bu sistemin daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması məqsədilə keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti baş idarə rəisləri, 350-dən çox xarici ticarət iştirakçıları iştirak edib.

18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbriklə sözə başlayan Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov dövlət müstəqilliyinin əldə olunması, həmçinin qorunub saxlanılmasında əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzunun ildən-ilə artdığını bildirib. O, həmçinin qeyd edib ki, ölkəmizin iqtisadiyyatının çoxşaxəli və dayanıqlı əsaslarla tərəqqisi təmin edilir, beynəlxalq təşkilatlarla və digər dövlətlərlə əməkdaşlığı daha da möhkəmlənir.

Eyni zamanda, vurğulanıb ki, Dövlət Gömrük Komitəsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas iştirakçılarından biri kimi dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet hədəflər çərçivəsində gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici investisiyaların ölkə ərazisinə cəlb edilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməkdədir.