Fevralın 28-də Dövlət Gömrük Komitəsində xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə son yeniliklərlə bağlı seminar keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov və digərləri iştirak ediblər.
Səməd Qaralov bildirib ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına münbit şərait yaradıb.
Bildirilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl Dəhliz” buraxılış sistemi məmur-vətəndaş təmasının minimuma endirilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda, bu sistem sahibkarlar arasında könüllü riayət prinsipini də formalaşdıracaq.
Mirqasım Vahabov qeyd edib ki, gömrük sistemində aparılan islahatlar nəticəsində fiskal siyasətin icra edilməsi sahəsində də uğurlu nəticələr əldə olunub. “Yaşıl Dəhliz” buraxılış sistemi və digər innovativ tətbiqlər gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə yanaşı, maliyyə intizamının gücləndirilməsinə də münbit şərait yaradıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılmış iqtisadi islahatlar”, “Yaşıl Dəhliz” buraxılış sistemi üzrə rəsmiləşdirmə” adlı təqdimatlarla çıxış edib, “Yaşıl dəhliz” buraxılış sistemi və qısa idxal bəyannamələrinin
doldurulması və təqdim edilməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Son xəbərlər
Son Xəbərlər