“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, proses zamanı X.İsmayılova bir neçə vəsatətlə çıxış edib.
O, məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və ekspertizanı keçirmiş Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri Emin Məmmədli və Zaur Məmmədovun şahid qismində prosesdə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı Ramazan Hadıyev ekspertizanın ətraflı keçirildiyini və elmi əsaslarla sübuta yetirildiyini bildirib və əlavə ekspertizanın keçirilməsinə zərurət olmadığını vurğulayaraq vəsatətin təmin olunmamasını istəyib.
Sonra X.İsmayılova cinayət işi üzrə aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisləri Elçin Əliyev və İmran Nurməmmədovun məhkəmə prosesində şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı R.Hadıyev vəsatəti müdafiə edib və təmin edilməsini istəyib. Hakim R.Allahverdiyeva isə həmin şəxslərin məhkəməyə dəvət olunacağını bildirib.
Sonra məhkəmə prosesində fasilə elan olunub.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər