Xədicə İsmayılın həbs müddəti dəyişmədi

xedice-ismayilin-hebs-muddeti-deyismedi
Oxunma sayı: 970


Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarının dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

"Qafqazinfo"nun məlumatına görə, Xədicə İsmayılın vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, onlar zərərçəkən kimi tanınan Tural Mustafayevin də prosesdə iştirak etməsini istəyiblər:

“Tural Mustafayev sosial şəbəkələrdə şikayətini geri götürmək istəməsi ilə bağlı xəbər paylaşmışdı, kömək istəyirdi. Biz onun hazırda sağ olub-olmadığını, harada saxlandığını bilmirik. Buna görə onun prosesdə iştirakını vacib sayırıq. Təqsirləndirilən şəxs barədə həbs-qətimkan tədbiri seçilərkən, ya həbsdə saxlama müddəti artırılarkən zərərçəkən şəxsin də fikri soruşulur”.

Fariz Namazlı deyir ki, məhkəmə bu vəsatəti təmin etməyib:

“Biz Apellyasiya Məhkəməsində bildirdik ki, Xədicə İsmayıl heç vaxt istintaqdan yayınmayıb, zərərçəkənlə də heç bir əlaqəsi yoxdur. Yəni azadlıqda olsa, ona hər hansı qanunsuz təsir etmək imkanı yoxdur”.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin “özünüöldürmə həddinə çatdırma” ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır. 

Fevralın 5-də Xədicə İsmayılın həbs müddəti başa çatmalı idi. Yanvarın 27-də Səbail rayon Məhkəməsi həbsi daha 2 ay uzadıb.