Xələf Xələfov Qazaxıstanla Xəzər dənizinə dair məsləhətləşmələr apardı

Xələf Xələfov Qazaxıstanla Xəzər dənizinə dair məsləhətləşmələr apardı
Oxunma sayı: 439

Xarici İşlər Nazirliyində Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qazaxıstanın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Amanjolova təmsil edib.

Məsləhətləşmələr zamanı Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması məsələsi müzakirə olunub və Katibliyin tezliklə fəaliyyətə başlaması məqsədilə Konvensiyanın tərəfləri arasında razılaşdırma prosedurunun sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Xəzəryanı dövlətlərin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlər, o cümlədən Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında saziş layihəsi ilə bağlı müzakirələr baş tutub.

Bundan başqa, iki ölkə arasında Xəzər dənizi hövzəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və bu xüsusda hazırda dənizin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi prosesi və gələcəkdə mümkün ola biləcək digər layihələr barədə söhbət aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi