“Xəmsə” çempionatının qalibləri mükafatlandırılıb

xemse-cempionatinin-qalibleri-mukafatlandirilib
Oxunma sayı: 680

Yanvarın 2-3-ü tarixlərində akademik Z.Əliyeva adına texniki fənlət təmayüllü məktəb-liseydə YAP Bərdə rayon təşkilatının,Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında YAP Bərdə rayon təşkilatının təsis edilməsinin 23-cü ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyununun rayon çempionatı keçirilib. Çempionatda rayonun 16 məktəbinin (10 şəhər,6 kənd) komandaları iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tədbir barədə və oyunun keçirilməsi qaydaları haqqında danışıb.

YAP Bərdə rayon təşkilatının baş təlimatçısı Cavid İbişov çıxış edərək Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının təsis edilməsi və fəaliyyəti barədə ətraflı məlumat verib.

Öz yarımqruplarında daha güclü olan T.Qurbanov adına Xanqaraqoyunlu, F.Sadıqov adına Qaradəmirçi kənd, Kətəparaq kənd və N.Nərimanov adına 3 saylı şəhər tam orta məktəblərin komandaları final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Gərgin mübarizə şəraitində keçən final mərhələsində daha yüksək bilik səviyyəsi nümayiş etdirən Kətəparaq kənd tam orta məktəbin komandası I yeri, N.Nərimanov adına 3 saylı şəhər tam orta məktəbin komandası II yerə,T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılıblar.