“Xəritələrin verilməməsi daha çox insanın xəsarəti ilə nəticələnir”

xeritelerin-verilmemesi-daha-cox-insanin-xesareti-ile-neticelenir
Oxunma sayı: 833

Aprelin 4-ü dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. 

“Qafqazinfo” xəbər verir ki, mina problemi dünyada qlobal təhlükədir. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr bu prosesdən hələ də əziyyət çəkir. Azərbaycan da bu ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı Qarabağı total şəkildə minalayıb. 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir və məsələni siyasiləşdirir. Beləliklə də müharibəni bu üsulla davam etdirir.

İşğalçının bu mövqeyi erməni faşizminin növbəti təzahürüdür. Ermənistan revanşizmdən, terrorizmdən əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığa çalışmalıdır.

Prezident İlham Əliyev də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bildirib ki, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb: “Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”. 

Hərbi ekspert Ədalət Verdiyev mövzuyla bağlı “Qafqazinfo”ya bildirib ki, istənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur: “Hazırda dünyanın onlarla ölkəsi minaların təmizlənməsiylə məşğuldur. Buna Azərbaycanla bərabər həm də qonşu Gürcüstan, eyni zamanda Şimali Afrika ölkələri də daxildir. Əfqanıstanda artıq bu proses 40 ildir ki, davam edir və hələ də məntiqi sonluğunu tapmayıb. Hər il minalar yüzlərlə insanın həyatdan köçməsinə və xəsarət almasına səbəb olur.  

Azərbaycan bu istiqamətdə kifayət qədər geniş təbliğat işini təşkil edə bilib. Lakin bu proseslərə donor ölkələrin qoşulması və paralel olaraq bir neçə şirkətin əraziyə cəlb edilməsi üçün ciddi maliyyə vəsaitləri lazımdır. Əfsuslar olsun ki, işğalçı Ermənistan da əlində olan xəritələri Azərbaycana verməkdən imtina edir. Bu xəritələrin verilməməsi minatəmizləmə proseslərinin uzanmasına, həm də Azərbaycan vətəndaşlarının minalarda daha çox xəsarət almasına, eyni zamanda daha çox vəsait xərcləməsiylə nəticələnir. Hələ ki, beynəlxalq təşkilatlardan yalnız tərəfdaş saydığımız ölkələr xaric digər ölkələrdən bu problemlə bağlı konstruktiv və real təkliflər almırıq. Halbuki bu ərazilərin təmizlənməsi eyni zamanda beynəlxalq səviyyədə minaların  insanlara vura biləcək ziyanının da azalmasına gətirib çıxarır.

Beynəlxalq Mina Xəbərdarlığı günü olmasına rəğmən bu gün heç də Azərbaycan beynəlxalq qurumlardan məsələnin həlliylə bağlı təkliflər belə almayıb. Odur ki, düşünmürəm bu cür təşkilatlar Azərbaycana ciddi nə isə vəd edəcək və onu həyata keçirəcək gücə malikdir. Buna görə də biz əsasən öz qurumlarımızın, o cümlədən Minatəmizləmə Agentliyinin, Silahlı Qüvvələrin tərkibində olan mühəndis hissə və bölmələrimizin və tərəfdaş ölkələrin imkanlarına arxalanmalıyıq”.

Günel Türksoy