Xəstə teatrımız

xeste-teatrimiz
Oxunma sayı: 1486


Teatra gedəcəyim günlər özümü çox yaxşı hiss edirəm. Bütün gün axşam gedəcəyim tamaşa haqqında düşünür, internetdə tapa bildiyim bütün məlumatları oxuyuram. Təraş olub, ən yaxşı ətirdən istifadə edirəm. Ən yaxşı paltarlarımı geyinib, bir neçə saat öncədən evdən çıxıram. 

Bir kafedə oturub bir neçə saat kitab oxuyur və nəhayət tamaşanın başlamasına 15 dəqiqə qalmış teatrın önündə oluram. Telefonumu tamaşanın başlamağına 5 dəqiqə qalmış söndürüb, batareyasını telefondan çıxardıram. Bütün ehtimalları nəzərə alıram. Ona görə də tamaşaçı mədəniyyətsizliyinə dözümüm yoxdur. Bəzən tamaşa əsnasında dəqiqələrcə fikrim yayınır. Xəyalımda tamaşaçılara və aktyorlara hörmətsizlik edən insanlardan filmlərdə gördüyüm müxtəlif işgəncə metodları ilə acığımı çıxıram.

Bu qədər hazırlaşdıqdan sonra isə istər-istəməz tamaşadan gözləntim çox olur. Səs sistemindəki problemləri, bəzi aktyorların gənc və təcrübəsiz olmasını nəzərə alaraq bu problemləri görməməyə çalışıram. Amma tamaşanın özü-özlüyündə keyfiyyətsiz olması isə dözülməz olur.

Bu yaxınlarda ecazkar görünüşü ilə tamaşaçıları özünə cəzb edən Gənc tamaşaçılar teatrında xeyli aradan sonra təkrar tamaşaya getdim. Səmimi olaraq deyim ki, bu teatrda izlədiyim tamaşalar məndə zəif təsir bağışlayır. Hər halda bunun əsas səbəbi aktyorların çoxunun gənc olması ilə əlaqədardır. Ona görə də aktyorların təcrübəsi ilə bağlı olan problemlərə elə də fikir vermirəm. Tamaşanı izləyərkən əsas diqqətimi oyunun keyfiyyətinə, yəni əsərin özünə yönəldirəm. Tez-tez telefonla danışan tamaşaçıların, zalın içində o yan bu yana qaçan uşaqların ucbatından fikrim yayınsa da artıq buna öyrəşmişəm. (Bir neçə dəfə məsuliyyət daşıyan şəxslərə müraciət edib, tamaşaya uşaqların buraxılmamasını xahiş etsəm də indiyə qədər dəyişən bir şey olmayıb. Halbuki tamaşaya az yaşlıların buraxılmaması ilə bağlı qadağa da var.)

Elçin Əfəndiyevin eyniadlı novellaları əsasında səhnələşdirilən Buzovna kəndinin əhvalatları tamaşası “Gəncə qapıları” və “Napoleon” tamaşalarından sonra izlədiyim ən pis üçüncü tamaşa oldu. İnsaflı olmaq lazımdır. Adını çəkdiyim ilk iki tamaşa dözülməz idi. Bu tamaşanı isə sona qədər izləyə bildim. Səbəbi isə Nəsibə Eldarovanın mükəmməl ifası idi.

Tamaşanı izləyərkən məzun olduğum litseyi xatırladım. Xüsusi günlərdə ( bayramlar, müstəqillik günü və s.) məktəbimizin həvəskar teatr aktyorları bəzən tələbələrdən birinin öz yazdığı və səhnələşdirdiyi tamaşanı səhnədə ifa edirdilər. “Buzovna kəndinin əhvalatları” tamaşası məktəbdə izlədiyim tamaşalardan fərqlənmirdi. Süni dialoqlar, uğursuz səhnələr, tamaşaçıya yersiz və uğursuz mesaj vermə cəhdləri, şişirdilmiş obraz və s. Kifayət qədər qərəzsiz və obyektiv insanam. Elçin Əfəndiyevin novellaları əsasında Cənnət Səlimova, Tahir Tahirov, Firudin Allahverdiyev tərəfindən səhnələşdirilmiş bu tamaşa qeyri-peşəkar, həvəskar şagird və tələbələrin ifa etməsi üçün daha uyğundur. Bu tamaşanın professional teatr ocağında yeri yoxdur. Olmamalıdır. “Gəncə qapıları”, “Napoleon”, “Buzovna kəndinin əhvalatları” kimi tamaşalarla insanların vaxtını almaqdansa heç olmasa ildə bir dəfə İlqar Cahangirin Zirzəmidə tək ifa etdiyi “İtən vaxt” tamaşasını(mono-tamaşa) səhnəmizə buraxın. İnsanlar səmimi, azad teatr görsünlər.

Uğursuz tamaşalar insanların teatra və incəsənətə olan maraqlarının azalmasına səbəb olur. Xüsusilə də teatra hansısa yaxınının təkidi elə gəlmiş insanlar belə tamaşaları izləyib, sadəcə olaraq bir daha gəlmək istəmirlər. Xahiş edirəm teatrımızı öldürməyin, səhnəmizi kirlətməyin.

İstedadlı gənc və əməkdar aktyorlarımızı biyabrçı, ət tökən tamaşalarda görəndə ürəyim ağrıyır. Onlarr bu hörmətsizliyə layiq deyillər.

P.S. Növbəti yazıda Oda Teatrı haqqında fikirlərimi sizlərlə bölüşəcəm.