Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.
"Qafqazinfo" xəbər verir ki, müraciətdə Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktının Azərbaycan dindarlarını hədsiz sarsıtdığı qeyd edilir. Müsəlmanlara qarşı reallaşdırılan qətllərin dini mənsubiyyətə görə həyata keçirilməsi islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirilir: "Hansı məqsəd və niyyət, hədəf və məramla həyata keçirilməsindən asılı olmayaraq insanların milli, dini, irqi mənsubiyyətə görə məhv edilməsi ksenofobiya təzahürü olmaqla insanlıq adına ləkə, mənəvi böhrandır.
Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətlərindən, bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayırıq. Biz dünya ictimaiyyətini belə barbarlıq hallarına, islamofobiya, dini ayrıseçkiliyin müdhiş nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Müsəlmanlar üçün müqəddəs olan Cümə gününü qara cüməyə çevirmək, Yaradana ibadət edən dinc insanları qətl etməyi qəhrəmanlıq kimi zənn edən islamofob bir düşüncə sahibinin iyrənc hərəkətləri insanlıq adına həqarətdir. Terrorun dini, terrorçunun dini mənsubiyyəti olmur. Lakin xəstə, zəhərlənmiş təfəkkürlə törədilmiş bu hadisə bütün bəşəri bu reallıq barədə bir daha, daha dərindən düşünməyə və daha effektiv addımlar atmağa vadar edir".
Dindarlar qeyd edirlər ki, Yeni Zelandiyada baş verən bu amansız terror aktı əslində bütün dinlərə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir:
"Biz, Azərbaycanın din xadimləri, bir daha Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum aktını qətiyyətlə pisləyir, milyonlarla insanın iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, Ulu Yaradanın buyurduqlarına zidd olan, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, dünya ictimaiyyətini öz səylərini daha sıx birləşdirməyə, əlindən gələni əsirgəməməyə çağırırıq. O Bir Olan Yaradanımızdan terror qurbanlarına rəhmət diləyirik".
Son xəbərlər
Son Xəbərlər