“Xəstəliyə başdansovdu yanaşmağımızın kökündə dövlətə arxayınlıq dayanır” - Şəhriyardan çağırış

xesteliye-basdansovdu-yanasmagimizin-kokunde-dovlete-arxayinliq-dayanir
Oxunma sayı: 4129

Azərbaycanda koronavirusa yoluxmuş və hazırda sağalma mərhələsində olan tanınmış xəstələr müalicə proseduru üçün həkimlərə təşəkkür, vətəndaşlara isə müraciət ediblər.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, onlardan biri də tanınmış yazıçı-şair Şəhriyar Del Gerani ATV-yə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin bu yaxınlarda açılış etdiyi "Yeni Klinika"da müalicə olunur: "Burada həkimlərin nəzarəti, şərait, təmizlik çox yüksək səviyyədədir. Sanki 3 ulduzlu bir oteldə sənin üçün həkim ekipajı ayrılıb ki, səni müalicə etsin. Şəxsən mən məsuliyyətsiz olmuşam, yoluxmuşamsa, deməli məsuliyyətsizlik etmişəm. Ya sosial məsafəni qorumamışam ya da maskadan düzgün istifadə etməmişəm. Bizim xəstəliyə şıltaq, emosional, başdansovdu yanaşmağımızın kökündə dövlətə arxayınlıq dayanır. Seyid cəddinə arxayın olan kimi biz də dövlətə arxayınıq". 

Şəhriyar Del Gerani sosial şəbəkə hesabında paylaşım edərək həkimlərə təşəkkür edib: "Günün son müayinəsi də mükəmməl nəticə verdi. Nəhayət, gün ərzindəki hərarət - 36,6. Təzyiq - 110/70. Qanda oksigenin miqdarı - 99.

Qeyd edim ki, koronavirus müalicəsində bu günlük göstərici mükəmmələ yaxın gedişat hesab olunur. Amma bu, hələ tam sağalmaq anlamına gəlmir. Allahın iradəsiylə, yaxın günlərdə tam sağalmaq xəbərini də eşidərik".

Ş.Gerani həkimlərin müdaxiləsindən sonra hazırda vəziyyətinin normal olduğunu bildirib: "Hazırda müalicəm davam edir. Bir həftə sonra situasiyadan asılı olaraq ya evə buraxılacam ya da müalicəm davam etdiriləcək". 

Şair insanları bu məsələyə daha ciddi yanaşmağa və qaydalara əməl etməyə, məsuliyyətli olmağa çağırış edib.