Xətai rayonu 35 saylı 3-cü seçki dairəsindən müxalifət liderlərinin əsas rəqibi kimdir?

xetai-rayonu-35-sayli-3-cu-secki-dairesinden-muxalifet-liderlerinin-esas-reqibi-kimdir
Oxunma sayı: 4859


35 saylı Xətai üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Əliyev Turan Adil oğlunun seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərinin marağını nəzərə alaraq T. Əliyevin bioqrafiyasını təqdim edirik.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, 10.09.1961 tarixində Naxçıvan MR Ordubad rayonunun Düylün kəndində anadan olub.  Orta təhsilini 1968-1978-ci illərdə Düylün kənd məktəbində bitirib. 1982-1988-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) «Maşınqayırma texnologiyası» fakultəsində (mühəndis-mexanik ixtisası üzrə) ali təhsil alıb. 

1982-1983-cü illərdə Bakı İxtisaslaşdırılmış Avtomobillər Zavodunda çilingər-şagird, 1983-1986-cı illərdə həmin zavodda texnik- konstruktor, sonra konstruktor, 1986-1989-cu illərdə çalışdığı zavodda satış üzrə mühəndis, 1989-1996-cı illərdə sahə rəisi, 1996-1997-ci illərdə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətində məsləhətçi, 1997-2002-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlilləri Sosial Müdafiə Fondu Xətai Rayon Şöbəsinin müdiri, 2002-2003-cü illərdə həmin nazirliyin nəzdində Baş Məşğulluq İdarəsinin, “Məşğulluq Orqanları ilə İş və Statistika şöbəsi”nin müdiri, 2003-2006-cı illərdə  Baş Məşğulluq İdarəsi Xətai Rayon Məşğulluq Mərkəzinin direktoru, 2006-2007-ci illərdə Baş Məşğulluq İdarəsi Əzizbəyov Rayon Məşğulluq Mərkəzinin direktoru, 2008-2009-cu illərdə Fövqəladə Hallar Nazirliyi Təsərrüfat və Xidmət Sahələri baş İdarəsinin rəis müavini, Təsərrüfat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2009-cu ildən bugünədək Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini vəzifəsini icra edir. 

Əmək fəaliyyəti dövründə bir sıra sertifikatlar və medallara layiq görülüb. 1997-ci ilin aprelində Azərbaycan Respublikası Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun “Əmək qanunvericiliyinin əsasları” üzrə hazırlıq kursunu, 2004-cü ilin fevral-mart aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlətin sosial siyasəti, mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursunu bitirib. 2008-2019-cu illərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən fəxri fərmanlara, Nazirliyin yaranmasının 5 və 10 illik Yubiley medalları ilə təltif edilib. 

Turan Əliyev ölkəmizin ictimai işində də yüksək əzmkarlıq nümayiş etdirib, Bələdiyyə seçkilərində fəal iştirakçı olub, Xətai rayon  Xətai bələdiyyəsinə üzv seçilib,  1993-cü ildən bu günə kimi YAP Xətai Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür.  Yeni Azərbaycan Partiyasının Qurultaylarına Xətai rayon təşkilatı tərəfindən nümayəndə seçilib,  Prezident seçkilərində Xətai Rayon Seçki Qərargahının üzvü olub. O, bu gün də yorulmaz fəaliyyəti ilə dövlətçilik işinə uğurlu töhfələr verir, ən ümdəsi, layiqli vətəndaş olduğunu əməli işi ilə sübut edir. 

Seçicilər də namizədlə bağlı fikirlərini bölüşüblər:

“1992-ci il noyabrın 21-də Azərbaycanın ictimai-siyasi həyatına  böyük tarixi  hadisə kimi daxil olan Yeni Azərbaycan Partiyası yaradılanda ölkədə  siyasi anarxiya, iqtisadi xaos baş alıb gedirdi. Xalq mənəvi boşluğa uğrayırdı. O zaman zəngin biliyi, həyat təcrübəsi olan ziyalılarımızın 91 nəfərinin xalqımızın müdrik oğlu  Heydər Əliyevə müraciəti dövrün tələbi idi və xalqımızın böyük oğlu Heydər Əliyev də respublikanın bu ağır günündə kənarda qala bilmədi. Beləliklə, Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev bu partiyanın sədri seçildi. Partiya yaranandan sonra respublikanın bütün regionlarında onun özəkləri yaradılmağa başladı. Bu işdə dövlətsevər insanlar da xüsusi təşəbbüs göstərdilər. Məhz, Xətai rayonunda YAP-ın ilk özəyini yaradanlardan olan Turan Əliyev də belələrindən idi. Onda o, Avtomobil zavodunda sahə rəisi  işləyirdi. YAP-ın o vaxtkı sədr müavinin yanına gedərək  fikrini bildirib, razılığını alıb. Xətai rayonu üzrə həmin dövrdə ən çox partiya üzvü  olan ilk dayaq dəstələrindən biri  Turan müəllimin yaratdığı ilk özək təşkilatı olub...

Bir hadisəni də xatırlatmaq yerinə düşər. 1993-cü ilin iyun hadisələrində Heydər Əliyev Bakıya  gələndə  Ali Sovetin qarşısında mitinq gedirdi. AXC və Müsavatın üzvləri Heydər Əliyevin Bakıya gəlməsini istəmirdilər. Həmin mitinqdə AXC-nin üzvləri bir-bir tribunaya çıxıb ağızlarına nə gəldi danışırdılar. Heydər Əliyevin ünvanına dedikləri haqsız sözlərə dözməyən Turan Əliyev tribunada çıxış edənlərə öz sərt etirazını bildirib.  Cəbhəçilər hər tərəfdən onun üstünə hücum çəkib yumuruqlarla döyməyə başlayıblar. Polislər araya girməsəymiş, bəlkə də onu öldürəcəkdilər.  Lakin bütün bu təzyiqlərə, şiddətli döyülməsinə baxmayaraq o, siyasi iradəsindən geri çəkilməyib, onun Heydər Əliyevə olan sevgisi, inamı bir an da olsun azalmayıb. Hətta həmin mitinqdən onu tutub aparmışdılar. Bir gün saxladıqdan sonra YAP-ın fəallarının köməkliyi ilə buraxmışdılar. Bu hadisəni xatırlamaqla demək istəyirik ki, Turan Əliyev çətinliklərə baxmayaraq  amalından dönmədi. Həmişə deyib, indi də eyni fikirdədir ki, biz bu haqq işimizdə yanılmamışıq. Tarix də sübut etdi ki, YAP xalqın nicatı üçün çalışıb və bu gün Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir.

Turan müəllim illərin zəhmət adamıdır. İşgüzar, qayğıkeş, mehriban, imkanı daxilində əl tutmağı sevən, qohumcanlı, dostsevərdir. Onun ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtlarda göstərdiyi vətəndaş əzmi, öz həyatını təhlükələrlə üz-üzə qoyub Heydər Əliyev siyasətini qürurla dəstəkləməsi böyük bir anın tarixi epoxasıdır və hələ də yaddaşlardadır.

Sevindirici haldır ki, fevralın 9-da altıncı çağırış Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərdə YAP-ın namizədləri arasında Turan Əliyevin də adı var”. 

Turan Əliyevin millət vəkili olmaqda əsas məqsədləri:

Vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etmək;

Xətai rayonu iqtisadiyyatının hərtərəfli inkişafı üçün sahibkarlara dəstək siyasəti həyata keçirmək;

Öncəki iş təcrübələrinə istinad edərək insanların sosial rifahının yaxşılaşması, aztəminatlı ailələrin, əlillərin, xüsusilə Qarabağ əlillərinin rayon ərazisində əsas problemləri ilə mütəmadi məşğul olmaq;

Rayon ərazisində yaşıllaşdırma və abadlıq, yolların təmir ve yenidən qurulması məsələlərini daim diqqətdə saxlamaq və həll olunması istiqamətində işlər görməkdir.