Xətaidə Gənclər Günü ilə bağlı görüş keçirildi

xetaide-gencler-gunu-ile-bagli-gorus-kecirildi
Oxunma sayı: 1481

Bu gün Xətai Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində  2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Xətai  Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev dövlətin gənclərimizə diqqət və qayğısından geniş bəhs edib:

“Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə gənc nəslə böyük qayğı ilə yanaşıb.  Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dahi şəxsiyyətin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir”.

 “Son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə qayğısı sistemli xarakter daşıyır”, - söyləyən Rafiq Quluyev onu da əlavə etdi ki, ümummilli Liderin azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşmə ilə bağlı çağırışı bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərimiz  gənclərimizin  torpaq, vətən sevgilərini bir daha nümayiş etdirdi.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında gənclərimizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu gün hər bir gəncimiz müasir müstəqil, qalib Azərbaycanı təmsil etdikləri üçün xoşbəxtdirlər. Keçirilən idman yarışlarında qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması Azərbaycan gəncinin ölkəmizin təqdimatına böyük töhfəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində “Vətəndən pay olmaz” deyib silaha sarılan gənclərimiz nə qədər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunduqlarını nümayiş etdirdilər. Gənclərimizin şücaəti, qəhrəmanlığı ilə qürur duyuruq. Gənclərimiz qanları, canları ilə tariximizin Zəfər səhifəsini yazdılar. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar”.

Sonda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyəti və 2 Fevral - Gənclər Günü münasibətilə bir qrup gəncə fəxri fərman, həmçinin Xətai Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran bir qrup gəncə sertifikatlar təqdim edilib.