Mayın 31-i “Heydər Əliyev ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının təşəbbüsü ilə Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin konsert proqramı təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları və uşaqlar qatılıblar.
Konsertdə Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.
Həmçinin Xətai RİH-nin təşkilatçılığı ilə əlamətdar gün münasibətilə “McDonalad”s restoranında şəhid övladları üçün daha bir bayram şənliyi təşkil edilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub.
Qeyd edək ki, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.
Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.
Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.
Son xəbərlər
Son Xəbərlər