Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsinin səbibi açıqlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Ş.İ.Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.
Buna görə də heykəl ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.
"Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək. Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq. Heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilib", - deyə açıqlamada qeyd olunub.
Heykəlin yerinin dəyişdirilməsi paytaxt sakinlərinin də ürəyincə olub. Ərazidə yaşayan Bakı sakinləri - Samirə Ağalarova, Xalq rəssamı Arif Hüseynov, Polad Dünyamalıyev, Əli Çobanov, Elmir Rzayev və Tural İmanov heykəlin yeni əraziyə köçürülməsi ilə bağlı "Qafqazinfo"ya öz fikirlərini bildiriblər. Sakinlər əvvəlki yerində heykəli ziyarət etməyib mümkünsüz olduğunu bildirib və əlavə ediblər ki, hazırda yolun kənarında parkın içərisində qoyulan heykəl hər tərəfli olaraq sakinlər üçün əlverişlidir. Heykəli ziyarət etmək, onun ətrafında məltəblilər və ictimai xadimlərlə birgə tədbirlər təşkil etmək bundan sonra, nəhayət, reallaşacaq.
Son xəbərlər
Son Xəbərlər