Xətt zədələndi, 15 kənd qazsız qaldı - Video

xett-zedelendi-15-kend-qazsiz-qaldi
Oxunma sayı: 1349

Kürdəmirdə 4500 abonent və üç sənaye obyektinin qaz təchizatı kəsilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:30 radələrində Kürdəmir rayonu Muğanlı kəndi ərazisində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.

Saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt bir saatdan artıq müddətdə təzyiq altında qalıb. Xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abonenti və üç sənaye obyektinin qaz təchizatı kəsilib.

Qeyd edilib ki, hazırda Birlik əməkdaşları təmir bərpa işlərini həyata keçirir. Günün sonunadək qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq.

Qeyd edək ki, uzunluğu 26 km olan Sığırlı-Çöhranlı xətti ümumilikdə 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektini qazla təmin edir.