“Qafqazinfo”nun məlumatına görə, ilahiyyatçı Bəhruz Camal analitik.az-a deyir ki, bir sıra heyvanlar var ki, onlar insanın qidalanması üçün lazımdır. Bu heyvanları Allahın əmri ilə, onun izn verdiyi formada kəsmək olar:
“Lakin dərisindən geyim, sümüyündən bəzək üçün istifadə olunacaqsa, bir heyvanın həyatına son qoymaq böyük günahdır. Allah-təala, digər yer üzü nemətləri kimi heyvanları da insanların xidmətinə vermiş və onlardan müxtəlif şəkillərdə faydalanmağı halal etmişdir. İslam dini heyvanları sevməyi və onlara qarşı mərhəmətli olmağı tövsiyə edir. Uşaq, qadın, yaşlı, yetim, kimsəsiz, xəstə və yoxsullar başda olmaq üzrə bütün insanlara mərhəmət göstərmənin yanında, digər bütün canlılara da mərhəmətli davranmaq möminlərin vəzifəsidir.
Bundan başqa, əti üçün kəsiləcək heyvanların iti bıçaqla kəsilmələri və onlara əziyyət edilməməsi lazımdır. Buna görə, heyvanların boğularaq, zəhərlənərək və boynu qırılaraq öldürülməsi halında ətlərini yemək caiz deyil. Ətləri yeyilməyəcəksə, sadəcə, dərilərindən istifadə olunacaqsa, bu heyvanları da işgəncə etmədən öldürmək lazımdır. Təəssüf ki, biz bunu müşahidə etmirik. Heyvanları diri-diri soyurlar, başlarından küt alətlə vurub keyləşdirirlər.”
Son xəbərlər
Son Xəbərlər