“Xəzər Lənkəran” “Neftçi” üzərində qələbəyə görə futbolçulara mükafat verəcək

xezer-lenkeran-neftci-uzerinde-qelebeye-gore-futbolculara-mukafat-verecek
Oxunma sayı: 1030

"Xəzər Lənkəran" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi"ni 3:2 hesabıyla məğlub etdi. Bu qələbə son vaxtlar ancaq futbolçulara olan borclarıyla və cəzalarla gündəmə gələn Lənkəran klubu üçün göydəndüşmə olub. Bəs cənublular əzəli rəqibini kubokdan kənarlaşdıracağı təqdirdə, futbolçulara hansısa mükafat ayrılıb?

“Qafqazinfo” xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu komanda.az-a açıqlamasında futbolçulara mükafat ayrıldığını bildirib: "Bəli, mükafat ayrılıb. Ancaq konkret nə qədər mükafat ayrıldığını deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, komandanın hazırki büdcəsi nəzərə alındıqda, mükafat kifayət qədər çoxdur".

Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Xəzər Lənkəran" və Neftçi" arasında keçiriləcək cavab oyunu martın 9-da baş tutacaq.

Bir müddət öncə borcların ödənilməsi üçün FİFA tərəfindən kluba verilən vaxtın uzadılması üçün quruma müraciət edən "Xəzər Lənkəran" ali futbol qurumundan hələ ki, konkret cavab almayıb. Klub rəsmisi komandanın sabiq futbolçularına olan borcların ödənilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiklərini bildirib: "FİFA-ya göndərdiyimiz məktuba hələ ki, cavab almamışıq. Ancaq borclu olduğumuz futbolçularla və onların menecerləriylə də danışıqları davam etdiririk. Borcun hissə-hissə ödənilməsi variantı var. Bəzi futbolçular burdakı vəziyyətlə tanış olduqlarını və borcun hissə-hissə ödənilməsinə razı olduqlarını bildiriblər. Bəziləri isə güzəştə getmək istəmirlər. Hələ ki, danışıqları davam etdirməklə yanaşı, FİFA-dan gələcək cavabı gözləyirik".

Klub rəsmisi sonda bir müddət əvvəl transferə çıxarılan Elnur Cəfərov haqda da danışıb. O, bir müddət öncə Sequnda təmsilçisi "Ovyedo"da baxışda olan Cəfərovun hazırda "ağ-yaşıllar"la birgə məşq etmədiyini deyib:
"Elnur hələ İspaniyaya yollanmamışdan öncə, ona komandamızla birgə məşq etməyi təklif etmişdik. Ancaq o, sonradan Ovyedoya yollandı. Elnur artıq bir müddətdi burada, Lənkərandadır. Hələ ki, onun baxışda olduğu "Ovyedo"dan məktub gözləyirik. Elnur Lənkərana qayıtdıqdan sonra bazaya gəlməyib. O, fərdi məşq edir".