Televiziyada xəbərçilik elə bir vacib missiyadır ki, burada operativlik və obyektivlik əsas şərtdir. Vizuallıq, görüntü isə xəbərin canıdır.
Telekanallar yenə öz ampluasındadı. Gün ərzində kimi baxır, kimi söyür, kimi deyinir, amma axşam düşən kimi hamı xəbər istəyir, yenə biçarə keçir tv qarşısına.
Xəbər proqramları içində bəzən axtardığımızı tapmırıq, hərdən yersiz məlumata acıqlanırıq. Bir sözlə, xəbər proqramları arasında da rəqabətin sönük olduğunu sezmək çətin deyil. Rəqabət o zaman baş verər ki, xəbərin ayrıca hansısa blokunda vətəndaşın problemi, sosial məsələ açığa çıxsın. Xəbər proqramları içərisində zənnimcə, “ATV-xəbər” dinamikliyi ilə seçilir. Buna baxmayaraq, orada da mövzu problemi, ictimai maraq qıtlığı var.
Konkret “Xəzər-Xəbər” verilişini qiymətləndirək. Bu günə kimi bu proqramın ünvanına çoxlu
noqsanlar, iradlar tutulub. Xüsusən, ana dilimizin korlanmasında oynadığı rolu qeyd etmək istəyərdim. Bəzən, kadrarxası mətni oxuyan müxbir dilimizi nəinki, təhqir edir, az qala daşlı, qayalı yolla “sürüyür”. Bunu ətraflı müzakirə etmək filoloqların üzərinə düşür. Məsələ ondadır ki, “Xəzər-Xəbər” tamaşaçının diqqətində daha çox gülməli və ya qeyri-adi baş verən hadisənin videosuyla qalır. Bəzən, bu proqramın xəbər verilişi olduğunu belə unudursan. Konkret ötən günün xəbər verilişini dəyərləndirərdim. Təxminən yarım saat sürən “Xəzər-Xəbər”də əsas üç mövzu qabarıq işıqlandırıldı. Xocalı faciəsiylə bağlı tədbirləri əks etdirən süjetlər, maraqlı videolar, bir də kriminal xəbərlər. Yəni, səhərdən axşamadək kanalın xəbərlər departamenti bu boyda ölkədə olub-bitən hadisələrin kandarında qaldı. Çünki “Xəzər-Xəbər”in senzurası var, ona tamaşaçının dərdi-səri, fikri yox, başını qatacaq, güldürəcək mövzular lazımdır. Elə xəbərlərin toplanmasında da bu siyasətə sadiq qalınır. Heç kəsə daş atmamaq, kiminsə qatığına pis deməmək, qapısına şikayətə getməmək. Başqa sözlə, yola vermək.
“Xəzər-xəbər”də xəbərlər blokundan çox, aparıcının xüsusi “istedadla” seçilməsi maraqlı gəlir. Ötən gün efirə çıxan aparıcı qızı yəqin ki, günlərdir, izləyisiz. Dünən maraq üçün onun ekrandakı davranışlarını müşahidə etdim. Aparıcının süni baxışları, göz-qaş oynatmağı, əl-qol ölçməyi, arada ekrana (stolun üzərinə)sərilməyi çoxu kimi mənim də diqqətimdə qalan məqamlardır. Güya bu xanım aparıcı xəbərləri yaşayaraq səsləndirmək istəyir. Yersiz hərəkətləri içərisində xəbərin olan-qalan qiyməti də ölür.
Aparıcının Xocalı faciəsi haqqında giriş nitq söyləyəndə “hüzünlü” duruşu ilə, verilişin sonundakı videoya verdiyi gülüş reaksiyası səmimiyyətsizlikdən xəbər verirdi. Bu aparıcı qıza elə gəlirdi ki, o tamaşaçı ilə ünsiyyətə girib.
Əslində o tamaşaçı ilə qeybətə oturmuşdu. Çünki o xəbər verilişini aparmaq kimi çətin vəzifənin icraçısı olduğundan belə xəbərsiz idi. Həqiqətdə, xəbər verilişini aparmaq böyük yükdür. Özü də ana xəbər buraxılışını aparmaq lap böyük məsuliyyət tələb edir. Əbəs yerə deyil ki, xarici ölkə, qonşu Rusiya və Türkiyə kanallarında əsas xəbər buraxılışını uşaq-muşaq yox, peşəkar, hətta yaşlı aparıcılar icra edirlər. Bu bir az da tamaşaçının etimadına hörmət deməkdir. Aparıcılıqda hazırlanmış xəbərlərə, süjet və reportajlara ön söz deməklə iş bitmir. Aparıcı olmaq ekranda mimik əzələlərdən yersiz istifadə, əl-qol ölçmək yox, ciddi və qətiyyətli davranmaqdır. “Xəzər Xəbər”in eks-aparıcısı Anar Nəcəfli vaxtiylə eyni iradlarla verilişi idarə edirdi. Amma Anarın hərdən söylədiyi maraqlı fikir onun əl-qol ölçmələrini kölgədə qoyurdu.
Ötən gün aparcı qızın yadda qalan bir cümləsini xatırlatmaq istəyərdim. “Gəncədən də bıçaqlama xəbərimiz var”. Bu cümləni pafosla deyən aparıcı elə bil cinayət hadisəsini “vacib xəbər” kimi çatdırmağıyla fəxr edirdi. Kriminal xəbərlərin oxunuşu isə bir başqa müzükirənin mövzusudur. Konkret olaraq, “Xəzər-Xəbər”də bir tamaşaçı kimi bəyənmədiyim məqam Youtube-dan götürülmüş videoların verilməsidir. Bu azar digər telekanallara da yayılıb. Vacib hadisəylə bağlı video verilə bilər, amma, bir neçə il əvvəl baş vermiş videonun ana xəbər buraxılışında yer alması tamaşaçıya hörmətsizlikdir. Həmin dəyərli vaxtın itirilməsidir. Bu heç beynəlxalq təcrübəyə də uyğun gəlmir. Bəli, xəbərlər blokunu başdan-ayağa ciddi məlumatlarla doldurmaq və tamaşaçını yormaq olmaz. Arada “yüngül” xəbər, vacib, amma əyləncəli məlumat vermək olar. Amma ciddiyyəti qorumaq şərtiylə.
“Xəzər-Xəbər”in idman xəbərləri bölməsi lap gülüncdür. Həmişə çoxu kimi mənə də maraqlı
olub, görəsən mətni oxuyan kadrarxası müxbir niyə qışqırır?
“Xəzər –Xəbər”in Hava haqqında məlumat guşəsinə də deyəcəyim var. Mümkünsə, hava haqqında məlumatı deyən qız bir az sinonimlər, eynimənalı sözlər haqqında məlumat əldə edərdi. Axı nə qədər “....dərəcə isti təşkil edəcək” cümləsindən istifadə etmək olar. “İsti gözlənilir”, yaxud, “isti olacaq” demək olar ki. Bir də bu məlumatı çatdıran qızı deyəsən, zorla ekrana çıxarırlar. Nə üçünsə, üzü heç “açılmır”.