Xəzərin sahil akvatoriyasında təmizlik aksiyaları keçirildi - Fotolar

xezerin-sahil-akvatoriyasinda-temizlik-aksiyalari-kecirildi
Oxunma sayı: 1603

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə Xəzər dənizinin sahil akvatoriyasında və daxili su hövzələrində təmizlik aksiyalarını, nəzarət və maarifləndirmə tədbirlərini davam etdirib.

“Qafqazinfo” xəbər verir ki, aksiyalar çərçivəsində Xəzər dənizi akvatoriyasının sahilboyu ərazilərindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər daxili su hövzələrinin mühafizə zolağından 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4200 metr uzunluğunda sintetik tor yığışdırılaraq tullantı poliqonlarına daşınıb.

Qeyd edək ki, ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə təkcə son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.