“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidənqurulması istiqamətində işləri davam etdirir. “Qafqazinfo” xəbər verir ki, Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Xıdırlı kəndində içməli su təchizatının bərpası təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və məskunlaşma olan obyektlərə içməli suyun verilməsini əhatə edir. Xıdırlı kəndində və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. Kəndə suyun verilməsi ilə bağlı “Azərsu” ASC mütəxəssisləri tərəfindən tədqiqat və qiymətləndirmə işləri aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.
Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5 km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.
Qeyd edək ki, bundan əvvəl Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km içməli su və 1,3 km tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib.





Son xəbərlər
Son Xəbərlər