Xilasetmə əməliyyatlarında şücaət göstərən dənizçilər təltif edildilər

xilasetme-emeliyyatlarinda-sucaet-gosteren-denizciler-teltif-edildiler
Oxunma sayı: 1304

May ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilərlə görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib.

Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD”  şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub.

“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilib.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə “Dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətə görə” dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.