XİN başçısının müavini Dominikanın yeni səfirini qəbul etdi

xin-bascisinin-muavini-dominikanin-yeni-sefirini-qebul-etdi
Oxunma sayı: 707

24 avqust 2022-ci il tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Dominikan Respublikasının iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycana təyin olunmuş səfiri Elvis Antonio Alam Loranı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Səfir etimadnaməsinin surətini nazir müavini E.Məmmədova təqdim edib.

Nazir müavini E.Məmmədov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Dominikan Respublikası arasında coğrafi məsafəyə baxmayaraq, bir çox sahələrdə, xüsusilə turizm, humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfir E.A.A.Loran Dominikanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir müavini səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşün sonunda səfir bir daha ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd edib.