XİN Bayramovun Səfirlər konfransında çıxışı ilə bağlı məlumat yaydı - Fotolar

xin-bayramovun-sefirler-konfransinda-cixisi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 856

8 avqust tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib.

 “Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə çıxışına başlayan nazir , hal-hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən birgə səylərimizin, ölkələrimizin müxtəlif beynəlxalq platformalarda bir-birinə göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın Üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçılar məlumatlandırılıb.

Nazir tərəfindən bununla yanaşı, ASALA və digər erməni terror təşkilatları tərəfindən şəhid edilən Türk diplomatlarının və ailə üzvlərinin əziz xatirəsi yad edilib və bölgəmizdə nifrət dolu ideologiyalara yer olmadığını bildirib.

Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etməsini, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyinin Türkiyənin daim haqqın yanında olmasını xüsusilə qeyd edib. Qardaş Türkiyə ilə atdığımız qətiyyətli və məqsədyönlü addımların Cənubi Qafqaz və daha geniş bölgədə sülh, təhlükəsizlik, ədalət və rifahın daha da möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Müstəqil, güvənilən, balanslı və çoxşaxəli diplomatiya həyata keçirən Azərbaycanın ikitərəfli və çoxtələfli platformalarda həyata keçirdiyi işlər barədə səfirlərə müfəssəl məlumat verilib. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatında sədrliyimiz, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda fəal üzvlüyümüz çərçivəsində təşəbbüslərimizin beynəlxalq sülh və təhlükəsizliyə müsbət töhfə verdiyi bildirilib.

Beynəlxalq münasibətlər sistemində baş verən çağırışlar və transmilli təhdidlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsində yaşanan problemlərdən bəhs edən nazir, belə bir mühitdə əməkdaşlığın daha da gücləndirilməsinin, yeni beynəlxalq əməkdaşlıq mexanizmlərinin və platformaların tətbiq edilməsinin vacib olduğunu qeyd edib.

Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. Bütün maneələrə baxmayaraq, 1990-cı illərdən dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir, hal-hazırda energetika, nəqliyyat-logistika sahələrində reallaşan işlərin və gələcək planların ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.