XİN-də yeni şura yaradıldı

xin-de-yeni-sura-yaradildi
Oxunma sayı: 823

Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyində Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 17-də xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, Şuranın yaradılmasının əsas məqsədi Prezidentin yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.