"Qafqazinfo" xəbər verir ki, XİN Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu vurğulayıb:
"Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.
Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.
Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz.
Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Son xəbərlər
Son Xəbərlər