Xırdalanda şəhidlərin xatirəsinə növbəti iftar süfrəsi açılıb

xirdalanda-sehidlerin-xatiresine-novbeti-iftar-sufresi-acilib
Oxunma sayı: 1176

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində I Qarabağ və Vətən Müharibəsində ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyev din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük zəfər qazanaraq xalqımızın vətən həsrətinə son qoyub. 

Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağını, Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyini  bildirən RİH başçısı burada əsas məqsədin həyatımızın bütün anlarında şəhidlərimizin əziz xatirəsini yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.

Daha sonra I Qarabağ müharibəsi qazisi və Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev, şəhid Ceyhun Useynovun anası Kəmalə Useynova, qazi Zaur Hüseynli, ilahiyyətçi Rasim Xadaverdiyev və Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş qazilər çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, şəhidlərimizin əziz ruhlarına dualar oxunub.

Sonda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər tərəfindən şəhid ailələrinə hədiyyələr  təqdim olunub.