Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Xırdalanın 28-ci məhəllə adlanan ərazisi saat 11:00 radələrindən etibarən işıqsız qalıb.
Məhəllənin sakinlərinin sözlərinə görə, "Azərişıq" ASC-nin əməkdaşları problemi aradan qaldırmaq istəsə də, 4 saatdan artıq (saat 15:10-dək - red.) vaxt ərzində buna nail olmaq mümkün olmayıb. "Artıq 4 saatdır ki, işıq üzünə həsrətik. "Azərişıq" səhər bəyan edib ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Amma bu bəyanatdan bir qədər sonra işıq kəsilib və hələ də işıq üzünə həsrətik", - deyə məhəllənin 16-cı binasının sakinlərindən biri bildirib.
"Azərişıq" ASC-dən isə bildiriblər ki, hadisə yerində çalışan qəza xidmətinin əməkdaşları problemi aradan qaldırmaq üzrədir və elektrik enerjisinin təchizatı tezliklə bərpa olunacaq.
***
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında deyib ki, Xırdalan şəhəri və Abşeron rayonunun bütün ərazilərində enerji təchizatı normaldır:
“Küləkdə baş verən qəzalar operativ aradan qaldırılır. Fərdi qaydada öz ərazilərində hər hansı qəza baş verərsə, abonentlərimizdən 199 saylı çağrı mərkəzinə zəng etmələrini xahiş edirik”.
Son xəbərlər
Son Xəbərlər